"Ermənistan yalnızca əngəl rolunda çıxış edib" - DEPUTAT FAKTLARDAN DANIŞDI
"Cənab Prezident zabit heyəti ilə görüş zamanı çox mühüm mesajlar vermiş oldu. Cənab Prezidentin xüsusilə söylədiyi fikirlərdən biri də Ermənistanın roluna hər hansı bir ehtiyacın olmaması ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqaz regionunda həmişə destruktiv mövqe nümayiş etdirib: “Ermənistanın həyata keçirdiyi təxribatçılıq fəaliyyəti, işğalçılıq siyasəti Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması qarşısında ən böyük əngəl olub. Amma Ermənistanın bütün bu təxribatlarına, işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan regionda bir çox strateji əhəmiyyətli layihələri həyata keçirib. Azərbaycanın təşəbbüsü ilə “Cənub Qaz dəhlizi” layihəsi reallaşdırıb. Azərbaycanın birbaşa iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi olduqca əhəmiyyətli layihələr gerçəkləşdirilib. Bu layihələrin heç birində Ermənistan iştirak etmədi. Ermənistanın iştirak etməməsini isə, Azərbaycan istədi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Cənab Prezident Ermənistana heç bir ehtiyacının olmadığını səsləndirməklə həm də ona işarə edirdi ki, Ermənistan yalnızca əngəl rolunda çıxış edib. Ermənistan regionda təxribatçılıqla, işğalçılıqla məşğul olmaqla əslində qeyd etdiyim bu layihələrin gedişatında heç bir maneəçilik törətmədi".
Deputat həmçinin qeyd edib ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu tarixi şücayət nümayiş etdirdi: “30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün və işğalda saxlamaq sərf etdiyi bütün xarakterli resurslar əhəmiyyətsiz oldu. Yəni Ermənistana o dərəcədə böyük zərbə dəydi ki, bu zərbənin təsirindən 100 il də keçsə də ayıla bilməyəcək. Azərbaycan dünya dövlətləri tərəfindən çox etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan Prezindenti dünya dövlətlərinin liderləri sırasında özünəməxsus öz yeri və rolu ilə seçilir. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günü-gündən artmaqdadır. Çünki Azərbaycan etibarlı əməkdaşdır. Ölkəmiz fikirləri ilə əməli tam üst-üstə düşən ölkədir. Bundan sonra da təkcə Cənubi Qafqaz regionu üçün deyil, qlobal əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsində Azərbaycan öndə olacaqdır. Ayrıca olaraq, Cənubi Qafqaz regionunda da Azərbaycanın təsirli rolu ilə yeni siyasi və iqtisadi reallıqlar formalaşmaqdadır. Yəni bu region Azərbaycanın birbaşa iştirakı, rolu ilə dünyanın ən təhlükəsiz və inkişaf etmiş bölgəsinə çevrilməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB