"Seçkilər Ermənistanda yeni bir gərginliyin başlanğıcıdır" - DEPUTAT AÇIQLADI

"Seçki prosesi Ermənistanda daxili siyasi sabitliyin yox, yeni bir gərginliyin başlanğıcıdır. Koçaryanın ritorikası, hərbiçilərin, hətta Ermənistan prezidentinin özünün reaksiyaları bu qənaətə gəlməyə imkan verir. Bununla bərabər Ermənistanda hərbi çevriliş cəhdləri və yaxud erməni mahiyyətinə uyğun olaraq terror aktları belə mümkündür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu kimi proseslərdən ən çox zərər çəkən tərəf erməni xalqı olacaq: "Lakin hələlik dəyişməyən bir reallıq var ki, Nikol Paşinyan artıq seçki nəticələrinə görə, qalibdir və hökuməti də tək quracağına görə, bundan sonrakı səlahiyyət dönəmində devrilməyənə qədər Ermənistan daxilində həlledici söz onun olacaq. Əslində seçki ərəfəsində sərsəm təbliğat-təşviqat bəyanatlarını çıxsaq, məğlubiyyət sonrası daha müharibə edə bilməyəcəyi reallığı ilə barışan Ermənistanın özü üçün xeyirlisi də elə Paşinyandır. Bunu erməni xalqı da başa düşür. Əks halda məğlub bir komandan müharibədən cəmi 7 ay sonra seçkidə qalib gələ bilməzdi.

Deputat həmçinin qeyd edib ki, Ermənistan xalqı da anlayır ki, problemlərin içində, uçurumun dibində olmalarına görə, əsas məsuliyyət son 3 ildə hakimiyyətdə olan Paşinyandan daha çox cinayətkar Köçəryan-Sarkisyan cütlüyünün üzərinə düşür: "Təbii ki, bütün bunlar Ermənistanın daxili işidir və proseslərin hansı istiqamətdə axınından asılı olmayaraq Azərbaycan diqtə edən dövlət kimi, beynəlxalq hüquqla ona məxsus olanı tələb edə biləcək gücdür və rəsmi Bakı regionda sülh və sabitlik, əməkdaşlıq mühitinin formalaşmasına istənilən halda nail olacaq".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə