“Ermənistan nüfuz qazanmaq istəyirsə,...” - AÇIQLAMA

“Düşünürəm ki, Ermənistan prezidenti Nikol Paşinyanın rəsmi qələbəsi elan olunduqdan sonra ilk növbədə parlamentdə kimin nə qədər səs toplaması və bundan asılı olaraq hökumətin formalaşması məsələsini gündəmə gətirəcək ki, ən vacib məqamlardan biri də elə budur. Artıq mandatın sayına uyğun olaraq hökumət formalaşıb yeni baş nazir seçildikdən sonra istər iqtisadi, istər siyasi və hərbi məsələlərdə çox güman ki, yeni reformalar, hansı ki, seçki vaxtı söz verdiyi addımları atmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı demarkasiya və delimitasiya məsələsi sərhəd boyu davam etdiriləcək: “Zəngəzur dəhlizinin açılması və kommunikasıyaların işləməsi addımları atılmalıdır. Rusiya-Ermənistan, Türkiyə-Ermənistan və digər dövlətlərlə münasibətlərə tam şəkildə aydınlıq gətirilməlidir. Həmçinin, altılıq platformanın təklif edildiyi istiqamətdə müvafiq addımlar atılmalıdır”.

Deputat sözlərinə belə davam edib: “Yəni, tənəzzülə uğramış iqtisadiyyata, hərbiyə və siyasətə malik olan Ermənistanı bu gün ayağa qaldırmaq üçün çox mühüm addımlar atmaq lazımdır. Digər revanşistlər də susdurulmalı və bu istiqamətdə də işlər görülməlidir. Radikal qüvvələrə qarşı da hüquq mühafizə orqanları bir sıra ciddi işlər görməlidir. Əks halda, Paşinyanın qazandığı qələbədə problemlər yarana bilər”.

“Əlbəttə, özlərinin adlandırdığı qondarma əsir- girov məsələsi, bunun müqabilində xəritələrin verilməsi və s. kimi məsələlər də ən prioritet istiqamətdə olmalıdır ki, insan haqqları ilə bağlı əgər beynəlxalq səviyyədə müəyyən qədər nüfüz qazanmaq istəyirsə bunu etməlidir. Həmçinin, diaspora siyasətində də müvafiq addımlar atılmalıdır. Yəni, Azərbaycana qarşı kin-kidurət və radikal çıxışlara son qoyulmalıdır. Eyni zamanda, qondarma Qarabağda qalmış tör-töküntü separatçı qurumla da münasibətlərə aydınılıq gətirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə