"Pakistanla hərbi əməkdaşlıq olduqca əhəmiyyətlidir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Pakistanın 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi mənəvi-siyasi dəstək hər kəsə bəllidir. Qardaş Türkiyə kimi Pakistan dövləti də Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında oldu, onunla tam və qəti həmrəylik sərgilədi. Hansı ki, Pakistanın bu dəstəyi ölkə başçısı tərəfindən də dəfələrlə minnətdarlıq hissi ilə qeyd edilib. Bu baxımdan Pakistanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin inkişafı böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, Pakistan güclü orduya, o cümlədən güclü hərbi-sənaye kompleksinə, inkişaf etmiş raket texnologiyasına malik bir ölkədir: “Pakistan dövlətinin istehsal etdiyi orta və uzaqmənzilli raketlər hədəfi böyük dəqiqliklə məhv etmək xüsusiyyətinə malikdir. Pakistan hərbi təyyarə istehsalına görə də, xüsusi diqqət çəkən ölkələr sırasındadır. Bu baxımdan Pakistanla hərbi əməkdaşlıq ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Belə bir əməkdaşlıq Pakistan dövləti üçün də faydalıdır. 44 günlük Vətən müharibəsi göstərdi ki, dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərinin belə Azərbaycan ordusundan öyrənməli olduğu şeylər var. Buna misal olaraq 44 günlük Vətən müharibəsində zərbə və müşahidə dronlarından kütləvi istifadə, müxtəlif qoşun növləri arasında koordinasiyanın yüksək dəqiqliklə təşkili, ağır hərbi texnikadan istifadə etmədən çətin və mürəkkəb coğrafi mövqedəki bəzi ərazilərin, konkret desək, Şuşa şəhərinin azad edilməsi, yüksək fiziki hazırlığa malik ordunun formalaşdırılması və s. kimi nümunələri göstərmək olar. Bütün bunlar Azərbaycan ordusunun nə qədər qüdrətli olduğunu göstərir”.

Cəlil Xəlilov həmçinin qeyd edib ki, hələ müharibədən öncə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdı: “Bütün bu faktlar Pakistan və Azərbaycan orduları arasında təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını göstərir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı razılıq əldə olunan razılaşmalar iki dövlət arasında hərbi əmədkaşlıq sahəsində yeni bir səhifə açacaq, birgə uğurlar üçün təməl olacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə