Ermənistanda indi də seçki qanunsuzluğu SEÇİCİLƏRƏ RÜŞVƏT TƏKLİF OLUNUR

Erməni qadın, işlədiyi şirkətin direktorunun oğlunun lehinə səs verməsi üçün iki dəfə seçicilərə rüşvət verməyə çalışıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, seçicilərə rüşvət verməkdə şübhəli bilinən Lori sakini saxlanılıb.

Spitakdakı şirkətlərdən birində işləyən Lori bölgəsi sakini, rəhbərin oğlunun bloklardan birinin siyahısına daxil olduğunu öyrənərək bir həmyerlisini çağıraraq ona 10 min dram, təxminən 20 dollar rüşvət təklif edib. O, rədd cavabı aldıqdan sonra başqa bir həmkəndlisini çağırıb və 7,5 min dram, təxminən 15 dollar məbləğində borcunu ləğv edəcəyinə söz verərək, bunun müqabilində istədiyinə səs verməsini təklif edib.

Bu faktla əlaqədar 154.2-ci maddənin 1-ci və 2-ci hissələri, seçki zamanı rüşvət vermə, ilə cinayət işi başlanıb. Qadın özü də bunu etiraf edib. İlkin istintaq davam edir, hadisənin bütün hallarını aydınlaşdırmaq üçün müvafiq tədbirlər görülür.

Xatırladaq ki, 20 iyun tarixində, yəni bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün, 21 partiya və 4 blok olmaqla, 25 siyasi qüvvə qeydiyyatdan keçib. Seçki məntəqələri saat 08: 00-da açılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...