Şuşadan dünyaya önəmli mesajlar

Şuşadan dünyaya önəmli mesajlar

Hər il 15 iyun tarixini Milli Qurtuluş Günün kimi qeyd edirik. Ancaq bu gün bu tarixi günə ən böyük tarixi hadisə - 15 iyun 2021-ci il mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi adlı tarixi sənəd imzalandı. İki türk liderinin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qars müqaviləsi"ndən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşma, ən böyük müttəfiqlik, "bir millət, iki dövlət" birliyini reallaşdıran qardaşlıq zirvəsi oldu. 15 iyun 2021-ci il - Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və hər iki dövlət başçısı bu tarixi sənədi qardaş ölkələr arasında münasibətlərin yeni mərhələsi üçün “yol xəritəsi” kimi qiymətləndirdi.

Şuşadan dünyaya və düşmənlərimizə mesajları özündə əks etdirən bu mühüm Bəyannamədə Türkiyə-Azərbaycan ilişgilərinin əhatə etdiyi bütün sahələr ehtiva olunub, diqqət mərkəzində saxlanılıb. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Beləliklə, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi geniş anlamda rəsmiləşdirildi və hüquqi-siyasi məzmun qazandı.

44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı

Şuşa Bəyannaməsini təkcə Azərbaycan və Türkiyə üçün əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirmək olmaz. Bu anlaşmanın bölgəmiz və eləcə də bütün Türk dünyası də üçün olduqca böyük tarixi əhəmiyyəti var. Şuşa Bəyannaməsi 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Şuşadan verilən mesajlar bir daha onu göstərdi ki, hər iki ölkə bundan sonra da bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Şuşa Bəyannaməsinin imzalanması həm də ona görə son 30 ilin ən mühüm tarixi hadisələrindən biridir ki, bu sənədi imzalayan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunun açılmasını bəyan etməsi Türkiyənin bölgədə mövqeyinin daha da möhkəmlənməsi və gücünün daha da artması deməkdir. Bu isə bizim gücümüzə əlavə güc qatacaq. Türkiyə Prezidenti Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Məhz bu gün qardaş ölkəmizin işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verməyə hazır olduqlarını nümayiş etdirmələri bir daha "bir millət, iki dövlət" birliyinin reallığıdır.

Bir sözlə, bu sənədin imzalanması Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dostlarımıza da, düşmənlərimizə də bəyan etdi. Eləcə də, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin strateji müttəfiqliyinin dərinləşdirilməsi üçün yeni səhifə açdı. Turkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Zaman keçdikcə daha yaxşı anlayacaqlar".

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə