Zaman və müddət heç nəyi dəyişməyib

Quldur Paşinyanın quldur siyasəti

İstər Petrosyan, istər Sarkisyan, istərsə də Paşinyan olsun Ermənistanda baş verən ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyyətdə özbaşınalıqlarından cana doymuş erməni xalqı artıq hər şeyin şahididir. Artıq erməni əsgər anaları oğullarını Paşinyan yolunda ölümə verməyə qarşı çıxaraq bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Zaman və müddət heç nəyi dəyişməyib. Necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb.

Cəmi 8 ay öncə müharibədən ağır məğlubiyyətlə çıxan Ermənistanda siyasi mübarizənin dinc şəkildə davam edəcəyi, problemsiz yekunlaşacağı real görünmür. Prosesləri izlədikdə seçkilərə bir neçə blok və partiyanın qatılmasına baxmayaraq, əsas mübarizənin Robert Koçaryanla Nikol Paşinyan arasında getdiyini görmək olar. Maraqlısı budur ki, hər iki uğursuz siyasətçi tərəfdarları ilə görüşlərdə bütün qırmızı xətləri tapdalamaqla gündəmi zəbt edirlər. Hələ təşviqat kampaniyası başlamamışdan öncə - iyunun 1-də Koçaryan rəqiblərini açıq-aşkar təhqir etmişdi. Nə qədər qəribə görünsə də, eks-prezident seçkilərdə əsas rəqibi olan Paşinyanı kişilikdən danışmamağa çağırmışdı: "O kağızı imzaladıqdan sonra (Kapitulyasiya aktını nəzərdə tutur-red.) nə qədər uşaq bezini dəyişdiyini bilmirəm. İndi də kişilikdən danışır?".

Keçmiş prezident yalnız təhqiramiz ifadələrlə, loru dildə desək, ağzına gələni danışmaqla kifayətlənmir, həmçinin tərəfdarları ilə görüşü zamanı indiki komandanın onun əlindən qaça bilməyəcəyinə eyham vurur: "Hara qaçsalar, tapıb gətirəcəyik, ayaqlarından tutacağıq".

Necə deyərlər, Koçaryanın arxı atlamamış “hop” deməsi, indidən hakimiyyətə gələcəyi təqdirdə hazırkı komandanı cəzalandıracağına eyham vurması Paşinyanın bütün kadrlarının hiddətinə tuş gəlir.

Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan eks-prezidentin yenidən ölkəyə rəhbərlik etməsi ilə bağlı bildirib ki, Koçaryan seçkini udsa, Ermənistanı Rusiyanın əbədi köləsinə çevirəcək: «Bir vaxtlar ölkənizin başını kəsmiş və indi vətəninizi Rusiyanın əbədi köləsi etmək istəyən bir insanı müdafiə etməyə dəyərmi? Qana susayan bir insanı qoruyursunuz. Nə qədər ki, gec deyil ayılın».

1998-ci ildə Koçaryan qanunsuz olaraq prezident seçilməsindən 23 il ötür. Yenə meydanda cinayətkar, işğalçı Koçaryan hakimiyyəti ələ keçirmək üçün mübarizə aparır. Göründüyü kimi, zaman və müddət heç nəyi dəyişməyib. Nikol da keçmiş prezident Serj Sarkisyana da qarşı ağır ittihamlar səsləndirərək, qumarbaz olduğunu deyib.

Seçki, yoxsa söyüş marafonu?

Göründüyü kimi, Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik pik nöqtəyə çatıb, söyüş və təhqirlər havada uçuşur. İş o yerə çatıb ki, bu gün Ermənistanın ombudsmanı ölkəsində seçki kampaniyaları ilə bağlı yol verilən qanunsuzluqların, təhqir və təhdidlərin dözülməz həddə olduğunu etiraf edib. Ombudsman aparatının yaydığı bəyanatda deyilir ki, seçki barədə fikirlərini bildirən siyasətçilərə qarşı təhqir və zorakılığa son qoyulmalıdır: «Seçki kampaniyasının qəzəbli və həyəcan təbili çalan təzahürlərindən biri də müxtəlif siyasi qüvvələrin tərəfdarlarının qarşı tərəfi dəstəkləyən və ya ona qarşı çıxan vətəndaşların foto və videolarını hazırlayıb yayması, təhqiramiz ifadələr, ədəbsiz sözlər və alçaldıcı ifadələrə yol verməsidir».

Göründüyü kimi, seçkiöncəsi ən əsas üçlük - Serj Sarkisyan- Robert Koçaryan- Nikol Paşinyan hətta ailə məsələlərini də gündəmə daşımaqdan çəkinməyərək, təhqiramiz ifadələr və hədələrdən istifadə edirlər.

Qagik Vardanyan: «Ölkəmizdə sosial ədalətdən danışa bilmərik»

Ermənistanda seçki öncəsi siyasi partiyaların xalqa verdi şişirdilmiş vədlər ictimai-siyasi xadimlərdə narazılıq doğurub. Bir sıra ziyalılar bu mövzuda ölkədəki vəziyyətin dözülməz həddə çatdığını bildirirlər. İqtisad elmləri doktoru, professor Qagik Vardanyan yerli mediaya açıqlamasında deyib ki, Ermənistan konstitusiyada suveren, demokratik, sosial, hüquqi dövlət olsa da, ölkə belə bir modelə uyğun inkişaf etmir: «Heç sosial baxımdan belə inkişaf nəzərə çarpmır. Ermənistanda sosial ədalətdən danışa bilmərik. Çünki gəlirlərin böyük bir qütbləşməsi olduğu kimi, əhalinin yoxsulluq səviyyəsi də olduqca yüksəkdir. Sosial dövlətin əlamətlərindən biri cəmiyyətin ümumi rifahıdır».

Qagik Vardanyanın sözlərinə görə, Ermənistanda yalnız sahibkarlıq sahəsində uğur qazananlar zəngin ola bilir və ya buna oxşar həyat səviyyəsinə çatırlar. Yerdə qalanlar, məsələn, təhsil işçilərinin, yaxud da təqaüdçülərin rifahı aşağı səviyyədədir. Onların da normal yaşayışı təmin edilməlidir. O, həmçinin qeyd edib ki, namizədlərdən biri yaxın 5 il ərzində minimum əmək haqqı və pensiyaların hər il ən azı 10% artırılmasını təklif edib. Hətta bu da sosial rifah üçün kifayət etməyəcək.

Göründüyü kimi, seçkiöncəsi ən əsas üçlük - Serj Sarkisyan- Robert Koçaryan- Nikol Paşinyan təhqiramiz ifadələr və hədələrdən istifadə etməklə, bir-birilərinə intiqam vəd edirlər. Ermənistandakı politoloqlar isə ölkədəki vəziyyətin seçki yaxınlaşdıqca daha da gərginləşməsi və bunun vətəndaş müharibəsi də daxil olmaqla, qanlı olaylara çevrilməsinə dair proqnozlar verirlər.

Müşahidəçilərin səsvermə ilə bağlı gözləntilərinə gəlincə, situasiyanın proqnozlaşdırılmasının demək olar ki, mümkünsüz olduğu bildirilir. Qeyd olunur ki, Koçaryanın bölgələrə səfərləri situasiyanı xeyli dəyişə bilər və cəmi bir həftədən sonra tərəflərin reytinqində ciddi dəyişikliklərin baş verəcəyi istisna edilə bilməz.

Bir sözlə, hazırda Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, ona təzyiq, hədə-qorxu gələn Ermənistan və onun cəmiyyəti, siyasəti Azərbaycanın “dəmir yumruğunu” dadandan sonra ən rəzil günlərini yaşamaqda, özünün hansı mədəni, mənəvi, əxlaqi dəyərlərə malik olduğunu ortaya qoymaqdadır. Və belə görünür ki, iyunun 20-nə qədər bu mənzərə daha da biabırçı çalarlar alacaq... Göründüyü kim, zaman və müddət heç nəyi dəyişməyib, quldur Paşinyan elə quldur siyasətindədir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə