Fərid Şahbazlı: “Bu gün Azərbaycanda gənclərlə dövlət arasında böyük həmrəylik var” - MÜSAHİBƏ (Səs TV)

Fərid Şahbazlı: “Bu gün Azərbaycanda gənclərlə dövlət arasında böyük həmrəylik var” - MÜSAHİBƏ (Səs TV)

YAP Qaradağ rayon Təşkilatı İdarə Heyətinin üzvü Tünzalə Muradova və "Gənc liderlər" uşaq və gənclər təşkilatının sədri Fərid Şahbazlının Səs TV-yə müsahibəsi:

- 2011-2015-ci illərdə gənclərin inkişafı haqqında dövlət proqramının hazırlanması barədə Azərbaycan prezidenti sərəncam imzalayıb. Bu sərəncamın gənclərin sosial problemlərinin həllində hansı rolu var?

Fərid Şahbazlı: - Bu sərəncam Azərbaycanda ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin nümunəsidir. Artıq bu bir faktdır ki, dünyada heç bir proses gənclərdən dəstək almamış inkişaf edə bilməz. Yəni gənclər cəmiyyətdə çox böyük təsir gücünə malikdirlər və onların fikirləri hər zaman çox şeyə qadirdir. Bütün bunları insanlar bu gün dərk etdiyi halda, ulu öndərimiz hakimiyyətə gəldiyinin ilk illərində gənclərin cəmiyyətdəki rolunu anlamış və bu istiqamətdə bir sıra ciddi addımlar atmışdı. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı forumların keçiriliməsi, gənclərlə bağlı 5 dövlət proqramının qəbul olunması, dövlət gənclər siyasəti haqqında qanunun imzalanması da Azərbaycanda davam etdirilən uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Azərbaycan Respublikasının prezidentinin imzaladığı sərəncam isə qeyd etdiyim kimi, bu siyasətin uğurla davam etdirildiyini bir daha sübut edir. Xüsusən də, bu proqramın müzakirələrə açıq olması, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müzakirə olunması, gənclərin bu proqramda müxtəlif təkliflər irəli sürə bilməsi və bu kimi bir sıra faktlar onu deməyə şərait yaradır ki, həqiqətən də bu proqram ölkə gəncliyinin iradəsini ifadə edəcək. Bütün bunlara əsasən də onu deyə bilərəm ki, bu proqram Azərbaycan gəncliyinin gələcək inkişafını istiqamətləndirən vacib sənəd rolunda çıxış edəcək.

- Sizcə gənclərin Azərbaycanda gedən istimai-siyasi proseslərdəki fəallığı qənaətbəxş hesab olunurmu?

Tünzalə Muradova: - Düşünürəm ki, Azərbaycanda gedən bütün proseslərdə əsas aparıcı qüvvə gənclərimizdir. Gənclərin bugün ölkədə baş verən istənilən hadisədə nə dərəcədə təsir gücünə malik olduğunu hamımız bilir və qəbul edirik. Düşünürəm ki, Azərbaycanda gənclərin öz sözlərini deyə bilmələri üçün hər cür şərait yaradılıb və onlar bu gün cəmiyyətin istənilən təbəqəsinə müxtəlif istiqamətlərdə təsir edə bilirlər. Yəni, əsasən onu qeyd etmək lazımdır ki, hər bir ölkənin daxili, xarici problemlərinin həll olunması yollarının axtarılmasında gənclər böyük əhəmiyyətə malikdir. Amma yenə də mən deməzdim ki, tam qənaətbəxş hesab olunur, çünki gənclərimiz bəzən elə uğursuz və yalnış siyasətlərin qurbanına çevrilirlər ki, bu heç də başucalığı gətirən hal deyil. Ona görə də, bütün gənclər gələcəyi düşünməli və milli mənəvi dəyərlərə xələl gətirən heç bir addım atmamalıdırlar.

- Sizcə təsir altında olan bəzi gənclərin sosial şəbəkələrdə qeyri-qanuni çağırışlarda çıxış etməsi nə dərəcədə qəbulolunan haldır?

Fərid Şahbazlı: - Mən düşünürəm ki, Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin aydın mövqeyi var və bu da ondan ibarətdir ki, bugün gənclər ölkədə aparılan islahatlara dəstək verir, dövlət başçısının yeritdiyi uğurlu siyasətin davam etdirilməsi üçün əllərindən gələni edirlər. Əsasən, gənclərimiz istənilən məsələdə vahid mövqe sərgiləyirlər. Bugün Azərbaycanda gənclərlə dövlət arasında böyük bir həmrəylik var. Lakin təbii ki, zaman-zaman arzuolunmayan hallarla da üzləşirik. Bir qrup barmaqla sayılan gənclər yad qüvvələrin təsiri altında qeyri-qanuni çağırışlarda iştirak edirlər. Bəlkə də o gənclər heç özləri də bilmədən düşman dəyirmanına su tökürlər. Mən qeyd etmək istəyirəm ki, belə gənclər öz siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. Onlar bilməlidirlər ki, ölkə daxilində onların gələcək rifahlarının, sosial imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür. Bu cür bir şəraitdə hansısa gənclərin cəzbedici və şirnikləndirici təkliflərin təsirinə düşməsi və Azərbaycanın milli mənəvi dəyərlərinə qarşı çıxması yolverilməzdir. Mən əminəm ki, bu gün bir qrup təxribatçıya dəstək verən gənclər bir gün onlara nifrət edəcəklər. Hətta artıq bu proses başlayıb. Son 2 ayda ölkənin daxilində müxalifətin yaratdığı qarışıqlıq fonunda onlarla gənc müxalifət partiyalarından ayrılıblar. Çünki artıq onlar da başa düşürlər ki, müxalifət liderlərinin yeganə məqsədi gəncləri önə verərək öz maraqlarını təmin etməkdir.

- \"Eurovison\" mahnı müsabiqəsində gənc təmsilçilərimizin əldə etdiyi qələbənin Azərbaycan gəncliyinə böyük ruh verdiyini söyləmək olarmı?

Tünzalə Muradova: - Təbii ki, Azərbaycanın imza atdığı bu tarixi qələbə bizim üçün əvəzsizdir. Bu elə bir qələbədir ki, Azrbaycan bununla bütün dünyaya, nələrə qadir olduğunu göstərdi. Nəzərə alsaq ki, Azərbaycan illərdir davam edən Eurovison müsabiqəsində 4-cü dəfə iştirak edib və bu qədər qısa müddət ərzində birincilik əldə edib, onda başa düşərik ki, həqiqətən də Azərbaycan gənclərinin və xalqının istəyib edə bilməyəcəyi heç nə yoxdur. Eldar Qasımov və Nigar Camalın qazandığı qələbə nəinki Azərbaycan gəncliyinin, eyni zamanda bütün dünya azərbaycanlılarının qələbəsi, uğuru, sevincidir. Bu qalibiyyətlə Azərbaycan gənclərinin hər şeyə qadir olduğunu, bir daha bütün dünyaya sübut etmiş olduq. Bütün bunlarla yanaşı, qələbəmizin sevincini paylaşan təmsilçimiz Nigar Camalın əlində türk bayrağı ilə səhnəyə çıxması da, \"iki dövlət bir millət\" fikrinin nə qədər doğru olduğunu və Azərbaycan gənclərinin türklərlə bir olmaqları ilə fəxr etdiklərinin göstəricisi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə