"Mina xəritələrinin təhvil verilməsi Prezidentin diplomatiyasının uğurudur" - POLİTOLOQ ŞƏRH ETDİ

“Regionda yaranmış yeni reallıqdan çıxış edərək Azərbaycan qurucu bir dövlət kimi mənfur düşmən tərəfindən xarabalığa çevirilmiş torpaqlarını dirçəltmək istiqamətində bərpa-quruculuq işlərinə başlayıb və işləri sürətlə davam etdirir. Buna baxmayaraq, azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzə qalmağımız işləri ləngitməklə yanaşı, həm də insan itkisinə yol açırdı. Rəsmi məlumatlara görə üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonuncu dəfə isə xidməti vəzifələrini icra edərkən jurnalistlərin minaya düşərək həlak olması faktı ilə üz-üzə qaldıq. Digər bu kimi faciəvi hadisələrin qarşısının alınması üçün Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməsi labüd idi”. Bu fikiləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətinin, əzmininin və səbəb-nəticə əlaqəsinə söykənən uğurlu diplomatiyasının məntiqi yekunudur: “Necə ki, ölkə Başçımız illər ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ardıcıl, düşünülmüş və birbaşa müsbət nəticəyə istiqamətlənmiş fəaliyyət göstərdi, müharibə bitdikdən sonra da Cənab Prezident bütün rəsmi və qeyri-rəsmi görüşlərdə bu məsələni qabartmış, individual olaraq dövlətləri, beynəlxalq təşkilatları, bütün dünya ictimaiyyətini Ermənistana bu məsələdə təzyiq göstərməyə dair ardıcıl çağırışlar etmişdir. Burada, son zamanlar ABŞ-ın Qarabağda minalardan təmizlənmə ilə bağlı verdiyi bəyanatı, Ermənistana təsir mexanizmi də mühüm məsələdir. Siyasətçilərimiz, diplomatlarımız iştirak etdikləri xarici səfərlərdə, kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarında, çıxışlarında bu məsələni hər zaman diqqətdə saxlayıblar. Aparılan ardıcıl və hərtərəfli fəaliyyətin yekunu olaraq Ağdam rayonunun minalanmış ərazilərinin xəritələri təhvil verildi. Ağdam rayonunda 97 min mina basdırılıb ki, bu da tarixdə misli görünməmiş bir canilikdir. Bu bir daha onu sübut edir ki, torpaqların öz sahibinə qayıdacağını bildikləri üçün ermənilər işğal dövründə torpağın əzəli sahiblərinə maksimum ziyan vurmaq məqsədilə maksimum əraziləri dağıtmaq və mina basdırmaq fəaliyyəti göstəriblər. Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan Laçın və Kəlbəcər rayonları ərazisinə 17 yük maşını mina basdırdıqlarını da etiraf etmişdi”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan tərəfi də növbəti dəfə humanist addım atdı və mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etdi: “Beləliklə də dövlətimiz bir daha bütün dünyaya sübut etdi ki, insan faktoru bizim üçün ən əhəmiyyət kəsb edən məsələdir. Eyni zamanda, bir daha sübut olundu ki, Azərbaycan Ermənistandan fərqli olaraq yıxıcı, dağıdıcı yox, qurucu dövlətdir. Azərbaycan atdığı hər addımında beynəlxalq hüququn norma və prinsipləri çərçivəsinə qərar qəbul edir və hər zaman üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Mina xəritələrinin bizdə olması ərazinin qısa zaman kəsiyində təmizlənməsinə, ardınca bərpa-quruculuq işlərinin sürətlə yekunlaşmasına və nəticədə insanlarımızın öz doğma dədə-baba yurdlarına dönməsinin sürətlə həyata keçirilməsinə xidmət edəcək. Ermənistan dərk etməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, eyni zamanda gələcək perspektivləri özündə ehtiva edən uzaqgörən siyasəti bütövlükdə Cənubi Qafqaz regionun dirçəldilməsinə istiqamətlənib. Mövcud və potensial inkişaf perspektivlərindən kənarda qalmamaq üçün Ermənistan mənfur əməllərindən əl çəkməlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə