Zahid Oruc: \"Həmsərd ölkələrin prezidentlərinin bəyanatı yenə də Rusiyanın təşəbbüskar mövqeyini tanıyır\"

Zahid Oruc: \"Həmsərd ölkələrin prezidentlərinin bəyanatı yenə də Rusiyanın təşəbbüskar mövqeyini tanıyır\"
"Rusiya, ABŞ və Fransa prezidentlərinin "G8" ölkələrinin bu yaxınlarda Dovildə keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatı mənim aləmimdə münaqişəsinin həlli üçün iki perspektiv vəd edir". Bu sözləri millət vəkili Zahid Oruc SİA-ya verdiyi açıqlamasında deyib.

O bildirib ki, bəyanatın birinci perspektivi ondan ibarətdir ki, dünyanın əsas güc mərkəzləri Dağlıq Qarabağ məsələsini ortaya qoyaraq əsas problemlərdən biri kimi analiz edir: "Görünür, bölgə ilə bağlı hadisələrin gələcəyi onları da düşündürür, narahat edir".

Onun sözlərinə görə, ikinci perspektiv konkret vaxtın ifadə olunmasıdır ki, bəyanatda iyun ayında prezidentlər arasında keçiriləcək görüşdə bu məsələnin razılaşdırılması, yəni işin əsas prinsiplər üzərində başa çatdırılması istənilir.

Millət vəkili iki perspektivlə yanaşı bəyanatda iki minusun da olduğunu vurğulayıb: "Birinci minus limit ifadə edilərkən onun səbəbinin göstərilməməsidir. Hər hansı bir zaman qoyulduqda və ya limit ifadə edilərkən onun səbəbi göstərilməli idi. Azərbaycan tərəfi dəfələrlə öz iradəsini ifadə edərək sülh razılaşmasının imzalanmasını istəyib. Lakin qarşı tərəfin günahı ucbatından baş verməyib.

Burada ikinci minus bəyanatda \"xalqları müharibəyə hazırlamayın!\" söylənməsidir. Dünyanın hansı ölkəsi 20 faiz ərazisi işğal halında özünü sülhpərvər göstərə bilər. Azərbaycan silahlanmanı könüllümü seçir? Düşünürəm ki, bu bəyanat yenə də Rusiyanın təşəbbüskar mövqeyini tanıyır, proseslər hələ də onun hegemoniyası altında gedəcək".

Proseslərin Rusiya üçün zaman qoyduğunu deyən Z. Oruc söyləyib ki, Rusiya özü də fərqindədir ki, danışıqları sonsuza qədər apara bilməz: "Düşünürəm ki, bu bəyanat proseslərə müəyyən təkan verə bilər. Lakin beynəlxalq güclərin tam iradəsi və sanksiya rejimi olmadan Ermənistanı ədalətli mövqeyə gətirmək qeyri-mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə