10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir - PREZİDENT

Müharibədən sonra regionda yeni reallıq yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə başlayıb. Siz işğaldan azad olunmuş əraziləri ziyarət edəcəksiniz, şəhərlərimizin, kəndlərimizin, tarixi və dini yerlərimizin tamamilə dağıdıldığını özünüz görəcəksiniz. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Azərbaycanın indi böyük bir çağırışla üzləşdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb. Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq”.
Azərbaycan Prezidenti qeyd edib ki, ərazilər minalardan təmizləndikdən sonra bununla paralel olaraq şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlanılacaq. “Bu, böyük ərazidir, on min kvadratkilometrdən çoxdur. Bu ərazi Ordumuz tərəfindən, Dağlıq Qarabağ münaqişəsinə son qoymuş Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 10 noyabr tarixli birgə Bəyanatı nəticəsində azad edilib. Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir.

O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə