Filip Rikerin Bakı ilə İrəvan fərqi HİDDƏT

Yaxud, Amerika demokratlarının xameleon siyasətlərindən doğan riyakarlıq gerçəkliyi

Ağ ev administrasiyasının məsul şəxsi - Filip Rikerin Cənubi Qafqaz turnesi baş çatdı və biz bu turnedən hansı nəticələri çıxardıq? Əslində, bu nəticələr daha əvvəldən çıxarılmışdı və bu gün açıq-aşkar ermənipərəstlik, ya da erməni lobbisinin maraqlarına xidmət etmək kimi siyasətin qüvvədə qaldığını biz əvvəllər də öz materiallarımızda vermişdik. Yalnız onu qeyd edə bilərik ki, Filip Rikerin səfəri, daha dəqiq desək, Bakı və İrəvandakı davranışları, səsləndirdiyi ifadə və verdiyi bəyanatları Amerika demokratlarının xameleon siyasətlərindən doğan riyakarlıqlarını daha açıq-saçıq, hətta belə desək, çılpaq formada özünü sübuta yetirdi.

Bakıda Şəhidlər Xiyabanını ziyarət etməyən Filip, İrəvanda Yerablura gedərək saxta soyqırımı abidəsi önündə diz çökdü!

Filip Riker İrəvana səfər edər-etməz dərhal Yerablurdakı qondarma soyqırımı abidəsi qarşısına gedərək, saxta monumentə gül qoydi və soyqırımına məruz qalmayan (!) ermənilər qarşısında siyasi oyunbazlıq səriştəsi ilə baş əydi. Hətta kənardan belə bir təəssürat yarandı ki, sanki öz doğma atasının məzarını ziyarət edib və kədərlənir...

Ancaq onun Bakıda olarkən, hətta protokol çərçivəsində Şəhidlər Xiyabanını ziyarət etməməsi, eləcə də insani keyfiyyətlərə xas olan addım kimi Xocalı soyqırımı abidəsi önünə getməməsi artıq onun barəsindəki reallıqları üzə çıxarmış oldu. Bütün bunların yerinə onun İçərişəhərdəki restoranların birinə gedərək təndir çörəyi ilə kabab basması (bəli, məhz basması), üstəlik həyasızcasına “gələn dəfə Bakıda daha çox qalacağam” deməsi məndə bu misalı əxz etdirdi – utanmasan oynamağa nə var ki..?!

Sosial şəbəkələrdə onun “Bakı sevgisi” fotoşəkillərinin altında yazılan rəylər isə əlbəttə ki, təəssüfedici oldu. Bir erməni yandaşının, ermənipərəst diplomatın şəkilləri altında “xoş gəlmisiniz”, “gözümüz üzərində yeriniz var” kimi rəylərin yazılması həqiqətən də xoş təsir bağışlaya bilməzdi. Düzdür, bir çoxları bəlkə də Rikerin hansı məzhəbə xidmət etməsindən bixəbər olublar. Amma xəbərləri olanlar da var, bax bu pəjmürdəedicidir, sözün bitdiyi yer və məqamdır.

Adama deyərlər ki, ay Filip sənə kim ixtiyar verib ki, başqa dövlətin rəsmisi ola-ola Azərbaycan ordusunun nə vaxt, nəyi və necə etməyinə burnunu dürtürsən?!

Kabab yeyib, bahalı şərabdan da daddıqdan sonra Filip Rikerin İrəvana gedərək Azərbaycan dövlətinə qarşı təzyiq dili ilə danışması, həyasız bəyanatlar səsləndirməsi isə ümumiyyətlə, hiddət doğurmaya bilməz. Həmin bəyanatları siyasi leksikonda deyil, eləcə sadə xalq dili ilə ifadə edək. “Azərbaycan mütləq qaydada erməni əsirləri geri qaytarmalıdır”, yəni həmin diversant və terrorçuları ki, onlar atəşkəsdən sonrakı dövrdə ərazilərimizdə mülki vətəndaşlarımızla yanaşı, həbrçilərimizin də həyatlarına qıyıblar və qanuni şəkildə cəzalandırılmaqdadırlar. O, bununla yanaşı, Qarabağın ermənilər yaşayan bölgəsinə maddi və s. yardımların ayrılması vacibliyindən dəm vurub, özü də Azərbaycan kababının, şərabının və təndir çörəyinin dadı damağından getməyə-getməyə. Və..!

Və “Azərbaycan ordusu 11 may tarixinə olan mövqelərə qayıtmalıdır” (?!) Adama deyərlər ki, ay Filip sənə kim ixtiyar verib ki, başqa dövlətin rəsmisi ola-ola Azərbaycan ordusunun nə vaxt, nəyi və necə etməyinə burnunu dürtürsən?! Yaxud, adamın üzünə xoş baxanda adam həddini aşmaz və başından böyük qələtləri eləməz!

Rövşən RƏSULOV

P.S. Fəqət görünür, Riker edəcəyi qələtlərini əvvəllcədən bilirdi. Ona görə də əvvəlcə Bakıya təşrif buyurdu, sonra isə İrəvana uçdu. Bəlkə də özünü ağıllı diplomat hesab edir, amma əbəs yerə. O özü üçün ağıllı ola bilər, amma işlətdiyi ağlı nə onun ölkəsinə, nə də regiona heç bir səmtə verə bilməz, yalnız zərərdən başqa...

Bütün xəbərlər Facebook səhifəmizdə