"Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığının, əbədiliyinin təcəssümü"

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə arasında olan əlaqələr tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa söykənir. Xalqlarımızın eyni soykökə, tarixə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hazırda bu ölkələrin prezidentləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçmişdir. 2020-ci ildə işğal olunmuş Qarabağ torpaqlarının əks hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkanlar var. Xüsusi olaraq bu istiqamətdə Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malik olduğunu söyləmək yerinə düşərdi. Belə ki, Azərbaycan tranzit-loqistika funksiyasını yerinə yetirməklə ölkənin həm iqtisadi, həm də turizm potensialını genişləndirə bilər.

Hər iki ölkənin hakim partiyaları - Ədalət və İnkişaf və Yeni Azərbaycan Partiyalarının uzun illər baş tutan əməkdaşlığı YAP 1-3 iyun tarixlərində keçirilən görüşlərlə yeni mərhələyə qədəm qoyub. Belə ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun iyun ayının 2-də əməkdaşlığa dair imzaladıqları niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək. YAP sədrinin müavini T. Budaqovun və onu müşayiət edən nümayəndə heyətinin AKP lideri Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi siyasi müstəvidə yeni əlaqələrin başlanmasından xəbər verir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da sıxlaşmasına təkan verəcəyinə böyük inam yaradır. İki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında belə bildirib ki, Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq: “Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”. Bu qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Ərdoğanın Azərbaycanın mənəvi dəyərlərinə verdiyi qiymətin göstəricisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təbirincə desək, Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığının, əbədiliyinin təcəssümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə