Bu gün pandemiya şəraitində yaşadığımız zamanda ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı olub və davamlı xarakter daşıyır. Belə ki, modul tipli xəstəxanalar, yeni yollar, xidmət mərkəzləri və s. istifadəyə verilib.
Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir sosial layihə təxirə salınmır. Bölgələrdə yeni müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır.
Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.
Cari ildə icra olunan layihələr sırasına Tərtər rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulmasına başlanılıb. Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işlərinə başlanılıb. Görüləcək işlər kifayət qədərdir. Ölkə başçısının tapşırığı ilə son 17 ildə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr öz bəhrəsini verir. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır.
Görülən işlərin davamı olaraq bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 660,0 (altı yüz altmış) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
Hazırda Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi isə insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB