Zəngəzur - Azərbaycanı regionun nəqliyyat qovşaqlarını birləşdirən dəhliz - ŞƏRH
Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bəzi mühüm mövzulara toxunuldu və bir çox suallara aydınlıq gətirildi. Azərbaycan Prezidenti İlham Əliyevin müzakirələr zamanı gündəmə daşıdığı əsas məsələlərdən biri regionun iqtisadi mənzərəsini dəyişəcək Zəngəzur dəhlizi ilə bağlı oldu. Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: “Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.
Zəngəzur dirçəliş dəhlizi türk dünyasını birləşdirəcək tarixi layihə
Siyasi şərhçilərin fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının dəhlizinə çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verməklə yanaşı, həm də dövlət başçımız tarixi Zəngəzur çıxışı zamanı türkdilli dövlətlərə tarixi mesaj ünvanlayaraq bildirmişdir ki, bu tarixi layihə türk dünyasını birlşdirən layihə olacaqdır: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq»,-deyən Azərbaycan Prezidenti bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: «Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.
Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq
Bir əsas məqamı da vurğulamaq lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə reallaşdırdığı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr bir daha göstərdi ki, dünyanın aparıcı gücləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdə çox maraqlıdırlar. Başqa sözlə deyilsə, Azərbaycan qalib dövlət və yeni regional reallıqların müəllifi kimi dünyanın diqqət mərkəzindədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi videokonfransın gedişində etdiyi çıxışda Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan hər cür konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığa açıq ölkədir və gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ölkəmiz, dövlətimiz artıq bir çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin əksəriyyəti 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb və Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev öz çıxışında bir daha humanistlik nümayiş etdirərək yaranmış iqtisadi imkanlardan Ermənistanın da yararlanmaq şansı ola biləcəyini də vurğuladı: “Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.”
Həmçinin Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Dövlət başçımız tərəfindən xüsusi olaraq vurğulandı ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb. Sözsüz ki, Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılardan biridir. Məhz bu səbəbdən, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi olduqca vacib məsələlərdən biridir.
Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayıb: “Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB