"Ermənistana təzyiq göstərməyənlər onun qədər məsuliyyət daşıyır" - DEPUTAT REAKSİYA VERDİ
“Azərbaycanın minalanmış ərazilərin xəritələri ilə bağlı müxtəlif səviyyələrdə dünya ictimaiyyətinə ünvanladığı müraciətlər geniş anlamda dəstək almır, dünya ictimaiyyəti, insan hüquqları ilə bağlı təsisatlar təxribatçı ölkəyə heç bir təziq göstərmir. Ermənistanın bu addımı beynəlxalq humanitar qanunlara, qəbul edilmiş beynəlxalq sənədlərə, xüsusilə, BMT-nin 1980-ci ildə qəbul etdiyi Adi Silahlara dair Konvensiyaya əlavə olunmuş 1 nömrəli Protokoluna, eləcə də Ottava razılaşmasına ziddir. Baş verən faciəyə görə mina xəritələri ilə bağlı Ermənistana təzyiq göstərməyən dövlətlər, təşkilatlar da Ermənistan qədər məsuliyyət daşıyırlar. Bu ağır faciədən sonra beynəlxalq jurnalist təşkilatları, media institutları, media təsisatları məsələ ilə bağlı açıq mövqe ortaya qoymalıdırlar, susmamalıdırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə mülki şəxsləri, jurnalistləri hədəf alır, jurnalistlərin fəaliyyətini məhdudlaşdırmağa çalışır: “Eyni zamanda, Ermənistan bu yolla həmin ərazilərin dinc sakinlərinin öz doğma el-obalarına qayıtmalarını çətinləşdirməyə çalışır. Bu dəhşətli faciədən sonra Ermənistana ciddi təzyiqlər göstərilməlidir. Dünya dövlətləri, eləcə də aidiyyəti beynəlxalq təşkilatlar bu məsələyə sükutla yanaşmamalıdır. Minalanmış ərazilər mülki vətəndaşlarımız üçün təhlükə mənbəyi olaraq qalır. Minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycan tərəfinə təqdim etməməklə Ermənistan bölgədə hümanitar vəziyyəti gərginləşdirməkdə davam edir. Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə hüquqi prosedurlar başlanmalıdır”.
S.Mikayılova vurğulayıb ki, 30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların elementar insan haqları bir daha kəskin şəkildə pozulur: “Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gun orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur. Xüsusi vurğulamaq lazımdır ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır. Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB