Paşinyanın təxribatları: regionda şərtlər və oyunlar dəyişilir ANALİTİK+AKTUAL

Paşinyanın təxribatları: regionda şərtlər və oyunlar dəyişilir ANALİTİK+AKTUAL

Bakı və Moskva faktoru Qərbin ermənipərəst maraqlarını çıxdaş edir

Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı bəyanatlarla çıxışlar edir, bu bəyanatların hər birində “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması” barədə tələblər irəli sürülür. Ölkənin hakim dairələrindən tutmuş digər cinahlarında təmsil olunan şəxsləri sanki bir ağızdan həmin iddialarını irəli sürməklə, əslində, Azərbaycanın suveren ərazilərində erməni ordusunun qalması istiqamətindəki son cəhdlərini göstərirlər. Misal üçün, “Mənim addımım” hakim blokunun parlament təmsilçisi Lilit Makunts da deyib ki, nə qədər Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələri Ermənistanın sərhədlərini tərk etməyəcəksə, sərhədlərin demarkasiyası ilə bağlı heç bir prosesdən söhbət gedə bilməz (?!).

Söz yox ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində təxribatçı fəaliyyətini davam etdirməyə çalışır, bu baxımdan da, ritorik destruktivlik sərgiləyir, bu isə regionda yeni və növbəti eskalasiyanın, gərginliyin yaranmasına səbəb olur. Əlbəttə ki, bu kimi məsələlərdə bəlli Qərb dairələrinin də verdikləri tapşırıqlar icra olunmaqdadır. Halbuki, erməni tərəfi bütün bunlardan heç bir səmərə qazanmır və atılan addımlar, ümumiyyətlə, Ermənistanın xeyrinə tərəf hər hansı bir işıq ucu da göstərmir...

Sözü Azərbaycan və regionun Azərbaycanla hesablaşan digər söz sahibləri deyə bilərlər!

Hətta Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Azərbaycanın hədəflərinə qarşı guya öz təbirincə - “yeni ideya” qismində təklif irəli sürməsi də el dili ilə desək, “fıs” çıxdı. Onun ölkələrimiz arasında sərhədlərimizin müəyyənləşməsi üçün Silahlı Qüvvələrimizin “əvvəlki mövqelərinə çəkilməsi”, daha sonra sərhəd zolaqlarına ATƏT-in Minsk qrupuna üzv ölkələrin (əsasən, ABŞ və Fransanın) sülhməramlılarının yerləşdirilməsi “təklifi” iflasa uğradı. Yəni buradan açıq-aydın görünürdü ki, Paşinyanın əsas məqsədi regiona aidiyyatı olmayan Qərb hərbi-siyasi qüvvələrini – amerikalıları və fransızları cəlb edib, öz maraqlarını onların vasitəsi ilə diktə etsin. Amma o, bu sərsəm ideyasını irəli sürərkən unudub ki, müharibədə uduzmuş tərəfdir və heç bir halda, heç bir tələb irəli sürə bilməz – sözü Azərbaycan və regionun Azərbaycanla hesablaşan digər söz sahibləri deyə bilərlər!

Maraqlıdır ki, Paşinyan Fransaya səfər etdikdən, rəsmi Parisin bilavasitə İrəvanın tərəfində olduğunu bəyan etməsindən, Paşinyanın isə Fransanın Ermənistanın bir nömrəli müttəfiqi olduğunu deməsindən sonra regiondakı vəziyyət bir az da dəyişməyə doğru inkişaf etməyə başladı və bu gün həmin proses, hələlik, sakit tərzdə davam edir.

Prinsipcə, ayaqlar altına yıxılmaq erməni siyasətinin prioritetidir

Misal üçün, KTMT-də və Avrasiya İqtisadi İttifaqında yer alan Ermənistana 30 il dəstək olan Rusiya qarşısında İrəvanın Kremlə xəyanət etməsi bağışlanmayacaq. Fakt budur ki, məhz Moskva İrəvana dayaq olmaqla onun dünya xəritəsindən birdəfəlik silinməsinin qarşısını aldı, İrəvan isə arxasını ona çevirərək, siyasi fahişəlik tərzinə sadiq qalaraq Parisin ayaqları altına yıxıldı. Prinsipcə, ayaqlar altına yıxılmaq erməni siyasətinin prioritetidir, amma bu prioritetin sonrakı müddətdə vassal ölkənin başına hansı oyunları gətirəcəyini təxmin etmək heç də çətinlik yaratmır.

Amma onu da unutmaq olmaz ki, Nikol Paşinyanın sərsəmliklərinin qaşısını alan əsas qüvvə məhz Azərbaycandır. Misal üçün, bu yaxınlarda MDB-yə üzv ölkələrin baş nazirlərinin iclasına qatılan ölkəmizin baş naziri Əli Əsədov qeyd etdi ki, tərəflər arasında anlaşılmazlıq yarandıqdan sonra Azərbaycan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təklifini dəstəkləyib. Həmin təklifi isə Rusiya XİN-nin rəhbəri Sergey Lavrov ölkə prezidentinin adından səsləndirmişdi. Həmin təklifə görə, mayın 31-ə qədər Azərbaycan, Rusiya və Ermənistan olmaqla üçtərəfi komissiya yaradılır və iyunun 30-na qədər hər üç ölkənin rəhbərlərinə yaranmış problemin həlli üçün təkliflər irəli sürülür. Ancaq fakt budur ki, Ermənistan nəinki mayın 31-nə qədər vədini yerinə yetirmədi, üstəlik, danışıqlar prosesindən kənara çıxdı.

İrəvan həm Bakıya, həm də Moskvaya minnətdar olmalıdır ki, “şərtlər” irəli sürməsi üçün ona müəyyən dərəcədə ixtiyar verilir

Rəsmi Bakı isə məsələnin beynəlmiləşdirilməsinə müsbət baxmır və sərhədlərin demarkasiyası probleminin həllində optimal variant olaraq ikitərəfli səviyyədə (Azərbaycan və Ermənistan) danışıqların aparılmasını dəstəkləyir. Ancaq Ermənistanın Qarabağdakı sarsıdıcı məğlubiyyətindən sonra müstəqil qaydada öz sərhədlərini qorumaq imkanlarına malik olmaması, eləcə də sərhədlərinin mühafizəsinin Rusiya gücləri tərəfindən həyata keçirilməsi faktı Kremlin təklifinin Bakı tərəfindən müsbət dəyərləndirilməsi ilə nəticələnib. Yəni prosesə Rusiya da cəlb olunub. Söz yox ki, Ermənistanın təklifinin Vaşinqton və Paris tərəfindən dəstəklənməsi, Qərb baxışının demarkasiya prosesinə cəlb olunması istəyi baş tutmamalıydı, çünki bu nə Rusiyanın, nə də Azərbaycanın regional siyasi maraqlarına cavab vermir.

Bir daha xatırladırıq ki, Ermənistan müharibədə məğlub olub və hər hansı iddiasının qəbul olunması yalnız müzakirə edildikdən sonra baş verə, ya da baş verməyə bilər. Əslində, İrəvan həm Bakıya, həm də Moskvaya minnətdar olmalıdır ki, şərtlər irəli sürməsi üçün ona müəyyən dərəcədə ixtiyar verilir. Moskvanın Qərblə soyuq müharibədə olması sirr deyil, Bakı isə ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsi – ABŞ və Fransanın mövqelərinə çoxdan bələddir, xüsusilə son sərhəd olayları ilə bağlı verdikləri bəyanatlarından.

İndi təsəvvürə gətirmək elə də çətin deyil ki, Ermənistanı qarşıda hansı fəlakətlər gözləyir

Bəs Ermənistanda Paşinyanın sözügedən təşəbbüsünün iflasa uğramasını necə qəbul edirlər? Belə ki, onun müavini Mqer Qriqoryan erməni KİV-lərinə açıqlamasında deyib ki, Rusiyanın sərhəd məsələsində tənzimlənmə təklifi qəbulediləndir. Lakin o, həmin açıqlamasının ardınca dərhal bəyan edib ki, sərhədlərin demarkasiyası üçün azərbaycanlı hərbçilər Ermənistan respublikasının ərazilərini tərk etməlidir (?!).

Bir daha qeyd edək ki, ermənilərin “şərtləri” realizə olunmayacaq. Çünki Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı icra edir və ölkənin suveren ərazilərində mövqe tutaraq onun bərpası istiqamətində qətiyyət nümayiş etdirir. İrəvan tərəfindən sərhədyanı ərazilərin öz ərazisi kimi təqdim olunması isə heç də Ermənistanın xeyrinə deyil. Artıq bu ölkə üçtərəfli işçi qrupdan da kənara çıxdığını bəyan edib. İndi təsəvvürə gətirmək elə də çətin deyil ki, Ermənistanı qarşıda hansı fəlakətlər gözləyir. Azərbaycanın isə nəinki son millimetrinə qədər suverenliyini bərpa etməyə, hətta ondan da qətiyyətli addımları reallaşdırmağa həm hüququ, həm də gücü var.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə