Elşən Manafov: “Əgər Azərbaycanda qanunsuz aksiyalar keçirilirsə, müvafiq orqanların buna reaksiyası da normaldır” - (Səs TV)

Elşən Manafov: “Əgər Azərbaycanda qanunsuz aksiyalar keçirilirsə, müvafiq orqanların buna reaksiyası da normaldır” - (Səs TV)

Azərbaycan Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Demokratik Sol Partiyasının sədri Elşən Manafovun Səs TV-yə müsahibəsi:

- Azərbaycanda gedən hüququ demokratik dövlət quruculuğu prosesində ictimai-siyasi təşkilatların fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

Vüqar Bəyturan: - İlk növbədə hesab edirəm ki, biz müstəqilliyimizi yeni qazanmış bir ölkə olaraq, siyasi institutların fəaliyyəti üçün konkret addımlar atmalıyıq. Bu istiqamətdə ictimai-siyasi institutların cəmiyyətin həyatındakı rolunu artırmaq üçün hakimiyyət geniş tərkibli tədbirlər həyata keçirməlidir. Bununla yanaşı, maliyyə şəffaflığının təmin edilməsi üçün siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi istiqamətində də qərarlar verilməlidir. Yəni, ölkədə fəaliyyət göstərən bütün partiyalara şərait yaradılmalıdır ki, onlar öz planlarını ortaya qoya bilsinlər. Partiyalar arasında qeyri-bərabərlik mənfi nəticələrə gətirib çıxara bilər. Bu isə arzuolunan hal deyil. Çünki, bir ölkənin inkişafının əsas göstəricisi siyasi fəaliyyətidir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, ictimai-siyasi təşkilatların cəmiyyətin həyatındakı rolu kifayət qədər gücləndirilməlidir. Bu gün 55 siyasi partiya qeydiyyatdan keçsə də, təəssüf ki, onların böyük əksəriyyətinin varlığı heç hiss olunmur. Bütün bu məsələlərin öz həllini tapması üçün isə dövlətdə siyasi sahədə ciddi islahatlar keçirilməlidir.

Aydın Hüseynov: - Bu gün cəmiyyətin həyatında ictimai-siyasi partiyaların rolunu çox normal qiymətləndirmək olar. Bu gün Azərbaycanda qeydiyyatdan keçən partiyalardan başqa, sərbəst fəaliyyət göstərən çox sayda qeyri hökumət təşkilatları, ictimai birliklər var və onlar öz nizamnmələrinə uyğun fəaliyyət göstərirlər. Lakin mən çox təəssüf edirəm ki, bugün Azərbaycanda radikal müxalifət partiyaları kənardan maddi dəstək alaraq cəmiyyət arasında ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş cəmiyyəti qarşıdurmalarına cəhd göstərirlər. Sözsüz ki, Azərbaycan cəmiyyəti buna heç vaxt imkan yaratmayıb və yaratmayacaq da! Konkret olaraq deyim ki, bugün Azərbaycanda gedən ictimai-siyasi proseslərdə partiyalar kifayət qədər təmsil olunur.

- İcazəsiz aksiyalar keçirib, qeyri-qanuni çağırışlar edərək qanunu ciddi şəkildə pozan nümayişçilərin həbs olunması ətrafında siyasi şounun yaradılması nə dərəcədə məntiqlidir?

Aydın Hüseynov: - Ümumilikdə götürdükdə, əgər müxalifət demokratik islahatlar keçirilməsini tələb edirsə ilk növbədə bunu tələb edənlər bilməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən bir ölkədir və bu ölkədə demokratiyanın bütün atributları tam təmin olunub. Bu, ən azı Azərbaycan iqtidarının fəaliyyət prinsipi olmaqla yanaşı, bu cür demokratik prinsiplər Azərbaycan xalqının özünə sərf edir. İkinci bir yandan bildiyiniz kimi, demokratiya dedikdə, qanunların aliliyi nəzərdə tutulur. Həmin bu qanunlar da hərəyə ayrı tərtib olunmur və hər insana bir cür şamil edilmir. Qanun, hamı üçün eynidir. Söz azadlığı istəyən müxalifət, ilk olaraq söz deməyin formasını, üsullarını öyrənməlidir. Aksiyaların da, nümayişlərin də keçirilməsinin qanunla müəyyən olunmuş formaları var. Kimsə buna riayət etmirsə, səlahiyyətli qurumların məsləhət bildiyi yerlərdə yox, öz istədikləri yerlərdə gedib etiraz nümayişləri təşkil edirsə nə dövlətdən, nə də vətəndaşdan dəstək almayacağını birmənalı şəkildə bilməlidir. Unutmayaq ki, heç kim Azərbaycanda siyasi baxışlarına görə təqib olunmayıb və bugün də olunmur. Kim qanunu müxtəlif üsullarla pozursa, qanun qarşısında cavab vermək günü gələndə, hərəkətlərini müxtəlif siyasi dona bürüyür. Bütün bu qeyd etdiklərim isə təəssüf ki, Azərbaycan müxalifətinin həyat tərzi, yaşam tempidir. Amma istənilən əqidəyə qulluq edən insanlar bilməlidir ki, qanunun aliliyi həmişə qorunacaq.

- Sizcə qanunlara qarşı çıxaraq sifarişli siyasi aksiyaların keçirilməsi siyasi mübarizədə nə dərəcədə düzgün yoldur?

Elşən Manafov: - Ümumiyyətlə, siyasət özü sosial şifarişin nəticəsidir. Amma, əgər belə bir məqam varsa, bu məsələyə Azərbaycanda müvafiq orqanlar tərəfindən reaksiya verilməli, bu məsələnin iştirakçıları da məsuliyyətə cəlb olunmalıdır. Bu fikir müzakirə olunmazdır ki, qanun qarşısıında cəmiyyətin bütün təbəqələri bərabər olmalıdır. Əgər müxalifət hansısa ərazidə aksiya keçirməyi tələb edirsə, bu dövlət tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda əgər Azərbaycanda qanunsuz aksiyalar keçirilirsə, müvafiq orqanların buna reaksiyası da normal qəbul olunmalıdır. Amma təbii ki, sifarişli aksiyalar və ya bu kimi digər siyasi addımlar arzuolunan deyil.

- Azərbaycanda orduda hərbi xidmət borcundan yayınan Bəxtiyar Haciyevin həbsinə siyasi don geyindirilməsi nə dərəcədə düzgündür?

Aydın Hüseynov: - Əgər biz vətəndən, vətənpərvərlikdən, vətəndaşlıqdan danışırıqsa belə bir məqamda da hər hansı bir şəxsin konstitusion borcu olan hərbi qulluqdan yayınması faktı ilə üz-üzəyiksə, burada necə vətənpərvərlikdən danışmaq olar? Konkret olaraq, vətən qarşısında borcundan yayınan, qanuna qarşı çıxan şəxsin vətəndaşlıqdan danışmağa mənəvi haqqı yoxdur. Yəni, əgər biz qanunlarımızı ali səviyyədə qoruyub, riayət etməsək və qanunlarımızı pozan istənilən şəxsi cəzalandırmasaq Azərbaycanın nə özünün, nə də qanunlarının dünyada və beynəlxalq aləmdə nüfuzu qalmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com