Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir - Prezident İlham Əliyev

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.

Prezident qeyd edib ki, noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. “Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər”, - deyə dövlətimizin başçısı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə