"İlham Əliyevi dünyada izləyən milyonlar..." Aydın QULİYEV yazır…

Ötən ilin sonlarında Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin beynəlxalq TV resurslarına iri həcmli müsahibələri həmin anda öz işini görməklə yanaşı, bu gün də dünya cəmiyyətlərinin rəy və maraqlarına təsir göstərməkdə davam edir.Bu günlərdə həmin müsahibələrdən tək birinin 3 milyondan çox izlənmə reytinqi vurması deyilənlərə sübutdur.

Azərbaycan Prezidentinin müsahibələrinə beynəlxalq marağın kökündə nələr durur? İlham Əliyevin ümumən maraqlı şəxsiyyət olması məlumdur və bunu onun barəsində müxtəlif zamanlarda fikir söyləmiş dünya siyasətçiləri də çox deyiblər. Lakin Prezidentin Vətən müharibəsi dövrü müsahibələrinə dünya miqyasında davamlı və dinamik artan maraq təkcə onun maraqlı şəxsiyyət olması ilə bağlı deyil. İlham Əliyevin şəxsi kompleksiyası dünya miqyasında hətta indiki qədər tanınmasaydı belə, onun müharibə dövrü müsahibələrinə marağın miqyası yenə də böyük olacaqdı. Bunun sadə bə aydın səbəbləri var.

İlk növbədə onu deyək ki, İlham Əliyevin məşhur müsahibələrinə müharibə günlərindəki maraqla müharibədən sonrakı aylarda göstərilən marağın motivləri fərqlidir.

Prezidentin müsahibələrinin dünya boyunca yayılğığı müharibə günlərində dünya üçün müstəsna dərəcədə maraqlı idi ki, hamıya mümkünsüz görsənən problemin öhdəsindən Azərbaycan Prezidenti necə gələcək. Hətta ABŞ, Rusiya və Fransa kimi super güclərin uğurla apara bilmədikləri yükü İlham Əliyevin yerdən necə qaldıracağı xüsusi maraqla izlənilirdi. Müsahibə almağa gələn hər xarici jurnalist özünün və onu göndərənlərin hər türlü sualları ilə gəlirdi. Bəlkə də Azərbaycan Prezidentinin müharibədə məğlubiyyətini gözləyən neçə jurnalistin "Məğlub Azərbaycan və məğlub Prezident" və s. kimi gurultu qoparan başlıqlarla yazdığı neçə-neçə bədxah məqaləsi "mürtəce sandıq yaradıcılığının" ən miskin nümunələri kimi gedər-gəlməzə gömüldü... Nəticə məlumdur. Konkret olaraq Qarabağ yükünün yerdən necə götürüldüyünü və ümumiyyətlə bu sayaq yükləri hansı metodika ilə qaldırmağın mümkünlüyünü hər kəs gördü... Daha doğrusu, Prezidentin komandanlığı ilə göstərdik..

Azərbaycan Prezidentinin müsahibələrinə müharibədən sonrakı dünya marağının da motivləri diqqətçəkəndir.

Müharibədən sonra da İlham Əliyevin müsahibələrini internet məkanda araşdıran milyonlarla dünya izləyicisinin öz marağı var. Dünya bu dəfə Azərbaycan Prezidentinin regionumuzdakı reallıqları necə dəyişdiyi barədə sualların cavablarını axtarır. Əcnəbi intetnet şəbəkə auditoriyası çox yaxşı bilir ki, 44 günlük müharibə Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi və coğrafi reallıqları dəyişdi. Həm də nəinki bu regionda dəyişdi, bütün Avrasiyanın geosiyasi müstəvisini əhəmiyyətli dəyişikliklərə hamilə vəziyyətinə gətirmiş oldu. Bir neçə konkret detalı nümunə göstərək. Ermənistanın İranla Zəngəzurda daha sıx coğrafi bağlılığı yaranandan sonra kimlər iddia etsə ki, Amerikadakı erməni lobbisi və diaspor ABŞ-ın İran siyasətini yumşaltmağa çalışmayacaq, mən bununla qəti razılaşa bilmərəm. Kim desə ki, Cənubi Qafqazda birgə Rusiya-Türkiyə sülhyaratma layihəsi nə vaxtsa NATO-Rusiya münasibətlərinin xarakterinə təsir göstərmək həddinə yüksəlməyəcək, mən bunu da qəbul etmirəm.

Kim desə ki, "dəmir sovetizm pərdəsinin" yırtılmasından sonra Cənubi Qafqaza ayaq basa bilmiş ABŞ və Fransa kimi nəhənglərin bu regionda postmüharibə dövrü üçün mövcudluq forması indi qeyri-müəyyən səviyyəyə düşməyıb, mən bununla razılaşa bilmərəm. Kim iddia etsə ki, Qərbin yenidən bizim bölgəmizə qayıdaraq öz mövcudluğunu bərpa etmək şansları SSRİ-nin dağılmasından sonrakı dövrdə olduğu kimi yüksəkdir, bu qətiyyən inandırıcı deyil. SSRİ dağılan ərəfələrdə Qərb bizim regiona "bir şüar, bir platforma" ilə gəlmişdi. Başqa sözlə desək, onlar bu regiona Qarabağ münaqişəsinin həllində vasitəçilik platforması üstündə keçmiş sovet respublikalarına demokratiya ixrac etmək şüarı ilə gəlmişdilər. İndi o platformadan və o şüardan 44 günlük müharibənin ardınca nələrin qaldığına diqqət verin. Və ümumən nələrsə qalıbmı? Rusiya və Azərbaycanın birgə səyləri ilə onlar Qarabağ münaqişəsinin həlli prosesindən faktiki kənarda qaldılar, demokratiya şüarı altında hansı oyunların oynanıldığı ifşa olunduğu üçün "demokratiya kartı" da yandı. Ərəbistanda, Niger və Çadda sülalə və əcaib diktator hakimiyyətlərinin başını tumarlayaraq "dənizdə nə zamansa toz etmiş" sayılan Qəddafinin, Səddamın və Əsədin başına odların ələndiyi anda keçmiş sovet xalqlarının gözünü qamaşdıran "demokratiyanın parıltısı" bir anda yox olub getdi. İndi Qərbin postsovet məkanında "geosiyasi gəmilərə" yenidən sərnişin olmaq problemi çox kəskinliyi ilə dayanır. Sadə və loru dildə də deyim. İndi Qərb qüvvələri regionumuza nə Qarabağ platforması, nə də demokratiya şüarı ilə qayıtmaq imkanına malikdir. Daha onlara inanan çox olmaz..

Bütün bunlar 44 günlük müharibənin nəinki Cənubi Qafqazda, hətta bütün Avrasiyada geosiyasi dəyişikliklər ərəfəsi yaratdığına sübutlar deyilmi?...Bu arqumentləri istənilən auditoriya qarşısında müdafiə etməyə hazıram..

Bu son mühakimənin də altını cızaraq üzərində dayanıram - İlham Əliyevin müharibə dövrükü xarici TV müdahibələrinə maraq həmişə aktuallığını saxlayacaq...

Aydın QULİYEV

"Bakı Xəbər" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə