Lavrovu "non qrata" elan edən İrəvanı nə gözləyir? AKTUAL + ANALİTİK
Anatoli Nikoforov: “Krılovun məşhur “Fil və Moska” təmsilində deyildiyi kimi, gülünc və axmaqlıqdır”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Azərbaycana səfəri zamanı məhz Ermənistandakı rasafob siyasi təşkilatların, həmçinin ekspertlərin onun persona non qrata kimi tanınması tələblərini irəli sürülməsi Rusiyanın siyasi-ictimai dairələrində suallar doğurmağa başlayıb. Sual edilir ki, Rusiyanın XİN başçısı nəyə görə belə bir münasibətə layiq görülüb? Belə ki, Ermənistanda dərc edilən “Lragir” nəşrinin yazdığına görə, İrəvan Sergey Lavrova bir sıra məsələlərdə ultimatumlar irəli sürmək niyyətindədir.
Nəşr qeyd edir ki, Ermənistan əhalisinin böyük kəsimi, həmçinin daxili sferaları daha çox Qərbin Rusiya barəsində səsləndirdikləri fikirləri bölüşür, Kremli casusluq, haker hücumları və s. məsələlərdə ittiham edir, o cümlədən, Rusiya hakim dairələrinin yalnız Ermənistana barmaq silkələdiyini deyirlər. İddia olunur ki, Rusiya Ermənistana qarşı Qarabağda “terror müharibəsi” aparıb və Ermənistanın parçalanması, suverenliyinin buraxılması istiqamətində siyasət aparır və s. İyun ayında isə, növbədənkənar parlament seçkilərində ermənilərin suverenliklərinə birdəfəlik son qoyulacaq və bu məsələdə Moskvanın “konkret planları” var. Bir sözlə, tipik erməni hay-küyü...
“Bütün bunlar amerikalı siyasi texnoloqlarının apardıqları işlərinin nəticəsidir”
SİA xəbər verir ki, bu arada Rusiya Federasiyasının beynəlxalq məsələlər üzrə ekspertlər şurasının üzvü, RF-nın Təhlükəsizlik Şurasının ekpert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikoforov rusdilli caliber analitik informasiya resursuna verdiyi müsahibəsində bir sıra maraqdoğurucu məsələlərə toxunub. Onun sözlərinə görə, Rusiyanın ABŞ-la gərgin diplomatik münasibətləri var, viza məhdudiyyətləri mövcuddur və tamamilə anlaşılandır ki, azacıq da olsa qlobal siyasətə aidiyyatı olmayan məsələlərdə belə ABŞ anti-Rusiya xarakterli bütün layihələrdə iştitak edəcək.
“Ermənistan elə bir ölkədir ki, dövlətçilik səviyyəsi müəyyən mənada möhkəmlənməyib və Qərbin təsiri altındadır. Bu, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana da aiddir”, deyən Nikiforov əlavə edib ki, hazırda Ermənistanda qərbyönümlü güclər öz təsirlərini informasiya məkanına göstərməyə başlayacaqlar və Rusiyanın “Ermənistanı parçalamaq” fikirləri də buradan qaynaqlanır. Onun sözlərinə görə, bütün bunlar amerikalı siyasi texnoloqlarının apardıqları işlərinin nəticəsidir. Lakin onlar nəticə əldə edə bilməyəcəklər, belə ki, Rusiyanın ciddi güc resursu var.
“Azərbaycanla münasibətlər qurulub, ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir”
Anatoli Nikiforov əlavə edib ki, əlbəttə Moskva qarşılıqlı, sərfedici iqtisadi layihələri inkişaf etdirmək üçün öz ətrafında partnoyrlarının olmasını istəyir və Sergey Lavrovun həm Ermənistana, həm də Azərbaycana səfər məqsədi rus siyasətinin sabitlik göstəricisidir: “Moskva söz yox ki, Bakı və İrəvan ilə yaxşı münasibətlərdə olmaqda maraqlıdır. Yeri gəlmişkən, Azərbaycanla münasibətlər qurulub, ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir”.
Nikiforov “Lragir” nəşrində Sergey Lavrovun persona non qrata elan olunması təklifinin “güclü siqnal” olması iddialarının yer almasına münasibətini açıqlayarkən deyib ki, yəqin onlar (ermənilər) bunun dünya üçün siqnal olacağını hesab edirlər.
“Azərbaycanla müharibə göstərdi ki, Ermənistan qaçdı, ayağı ilişərək yıxıldı və “burnunu əzdi”
Daha dəqiq desək, Nikoforov bu məsələdə Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətə düşdüyünü və buna görə heç kimin deyil, məhz özünün günahkar olduğunu ifadə edib. Yəni qeyd etməyə çalışıb ki, əgər Ermənistan Rusiyanı hər hansı bir məsələdə ittiham edirsə yanılır və əslində, uğradığı ağır və çıxılmaz vəziyyətinə görə məhz öz rəhbərliyini, siyasi dairələrini günahlandırmalı, səhvlərindən nəticə çıxarmalıdır: “O, (Ermənistan-red.) kiçik, zəif, məxsusi olaraq Rusiyadan başqa heç yerin marağında deyil. İrəvanda buna görə küskünlük yarana bilər, ancaq Azərbaycanla müharibə göstərdi ki, Ermənistan qaçdı, ayağı ilişərək yıxıldı və “burnunu əzdi””.
Rusiyalı siyasi analitik etiraf edib ki, İrəvanın onun ölkəsi ilə münasibətləri yüksək səviyyədə deyil: “Rusiya ilə də çətin münasibətlər mövcuddur. Burada beynəlxalq ictimaiyyətə belə bir siqnal verilir – baxın, burada elə bir Ermənistan var ki, hətta Rusiyanın xarici işlər nazirini persona non qrata elan etməyə qorxmur. Yəni İrəvan Qərbin anti-Rusiya ideologiyasının vektoruna sürüşə bilər. Lakin bütün bunlar Krılovun məşhur “Fil və Moska” təmsilində deyildiyi kimi, gülünc və axmaqlıqdır”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB