“Seçki savaşı Ermənistanda yeni qarşıdurmalar yaradacaq” ANAP SƏDRİ İZAH ETDİ

“Nikol Paşinyan iki il əvvəl Sarksyanın hakimiyyəti təhvil verməyə məcbur edildiyi gün-aprelin 25-də Baş nazir vəzifəsindən istefa verdi. İstefa barədə razılıq Ermənistan prezidenti və siyasi partiyalarla görüşdə əldə olunmuşdu. 10 noyabrda imzalanmış “təslim aktı”ndan sonra kütləvi etiraza qalxan erməni müxalifəti, nəhayət, onun istefasına nail oldu. Lakin bu istefa formal xarakter daçıyan, heç nəyi dəyişdirməyəcək bir addımdır”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov SİA-ya açıqlamasında deyib.

A.Səmədov bildirib ki, Paşinyan və komandası öz vəzifələrinin icrasını bundan sonra da davam etdirəcək və tutduqları vəzifələrin imkanlarından, inzibati resurslardan seçki kampaniyası dövründə yararlanmaqda davam edəcəklər: “Bu baxımdan Baş nazirin vəzifəsindən formal istefası hakimiyyət uğrunda mübarizəyə ciddi təsir göstərməyəcək. Bunu nəzərə alan müxalifət liderlərindən biri, İşxan Saqatelyan Yerevanda keçirilən mitinqdə çıxış edərək Baş naziri hakimiyyətdən tamamilə uzaqlaşdırmağın zəruriliyindən danışmış, “biz de-yure istefanı de-faktoya çevirməli və Paşinyanı hakimiyyətdən tamamilə uzaqlaşdırmalıyıq”-demişdi.

Qonşu dövlətdə hakimiyyət uğrunda mübarizə şübhə yoxdur ki, günü-gündən kəskinləşəcək. Çünki Ermənistan idarəçilik formasına görə parlamentli respublikadır və 20 iyunda keçiriləcək parlament seçkiləri bu baxımdan həlledici əhəmiyyətə malikdir. Seçkilərdə qalib gələn siyasi qüvvə yeni hökuməti təşkil edəcək və qarşıdan gələn 5 ildə müstəqillik tarixinin ən böyük böhranını yaşayan Ermənistanə idarə edəcək. Bu səbəbdən həm hakimiyyət, həm də müxalifət seçiciləri öz tərəflərinə çəkmək üçün əlindən gələni edir”.

A.Səmədov onu da bildirib ki, xarici qüvvələrin, ilk növbədə, Rusiya və ABŞ-ın dəstəyini almaq üçün dəridən-qabıqdan çıxırlar: “Bir qədər əvvəl qələbə şansı olan iki blokun liderinin- R.Koçaryanın və N.Paşinyanın Moskva səfəri bu məqsədə xidmət edirdi. Hadisələr göstərdi ki, Moskva bu seçkilərdə N.Paşinyanın təmsil etdiyi blokun- “mənim addımım”ın qələbəsində maraqlıdır.

Uzun təkidlərdən, xahişlərdən sonra, nəhayət, ABŞ-ın Dövlət katibi Blinkenlə telefonla danışan Ermənistan Baş naziri çox güman ki, onların da dəstəyini əldə edə bilib.

Keçirilən rəy sorğuları da Paşinyan blokunun rəqiblərindən xeyli irəlidə olduğunu göstərir. Çox güman ki, seçkilər onun qələbəsi ilə başa çatacaq və Ermənistana tarixinin ən ağır məğlubiyyətini yaşadan şəxs yenidən Baş nazir olacaq. Bu isə o deməkdir ki, hakimiyyət uğrunda mübarizə seçkilərlə bitməyəcək və ola bilsin ki, gələcəkdə daha kəskin, daha qanlı şəkil alacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...