"Türkiyə əleyhinə atılan bütün addımlar Azərbaycana da qarşı sayılır" MÜSAHİBƏ

"Türkiyə əleyhinə atılan bütün addımlar Azərbaycana da qarşı sayılır" MÜSAHİBƏ

SİA siyasi şərhçi Vüqar Əhmədovunun müsahibəsini təqdim edir:

- Cənab Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan səfərində Ermənistana hansı mesajları verib?

- Bu gün Ermənistanda bəzi dağıdıcı qüvvələr 10 noyabr sazişindən irəli gələrək bu razılaşmanı pozmağa cəhd edirlər. Lakin, cənab Prezident kifayət qədər qətiyyətli şəkildə bu dairələrə mesajını məhz ünvanında çatdırmış oldu. Cənab Prezident Zəngilanda çıxış edərkən bizim qəhrəman döyüşçülərimizin bu bölgə uğrunda şiddətli döyüşlər aparmasını təsadüfən vurğulamamışdı. Prezident İlham Əliyev onlara bir daha xəbərdarlıq etdi ki, buna oxşar cəhdlər bir daha göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Ermənistan nə qədər tez sağlam mövqe nümayiş etdirərək bölgədə yaranan yeni əməkdaşlıq ruhuna uyğunlaşarsa, bu onların da xeyrinə olacaq. Təəssüf ki, Ermənistanda Azərbaycan əleyhinə revanşist iddialarla baş qaldıran qüvvələr bunu daha çox bu ölkədə qarşıdan gələn seçkilərdə xal qazanmaq üçün, millətçilik ideologiyası üzərindən erməni xalqına öz seçimləri xeyrinə təsir etməyə çalışırlar. Lakin, bu gün Ermənistanı idarə etməyə iddialı olan qüvvələr, eləcə də, erməni xalqı elə bir gücdə deyil ki, yenidən durub Azərbaycandan qisas ala bilsin, Azərbaycan 44 günlük müharibədə reallığı dəyişdi və ölkə başçısı ermənilərin nə qədər bu reallığa tez uyğunlaşarlarsa bir o qədər öz xalqını və dövlətini bu bataqlıqdan çıxararlar mesajını vermiş oldu. Bu gün yaranan fərq ortadadır ki, Azərbaycan Qarabağda böyük quruculuq işlərinə başlayıb, Ermənistanda isə siyasi çəkişmələr səngimir. Məhz buna görə, Prezident İlham Əliyev Ermənistan rəhbərliyini və xalqını konstruktiv mövqeyə gəlməyə çağırdı.

- ABŞ Prezidenti Co Baydenin müdaxiləsi Ermənistanla Azərbaycanın münasibətinə necə təsir edəcək?

- Hesab edirəm ki, ABŞ bölgədə aktivləşmək istəyir. Lakin, ATƏT-in Minsk Qrupunun üzvü və uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan bir dövlət kimi neytrallığını qoruyub saxlamalıdır. ABŞ-da anlamalıdılar ki, Baydenin uydurma “erməni soyqırımını” tanıması Türkiyə ilə Ermənistandan daha çox, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına səbəb olacaq. ABŞ siyasi dairələri belə addımlar atarkən iki ölkənin 30 ildən artıq münaqişə vəziyyətində olduğunu unutmamalıdırlar. Regionda hazırda yaranmış yeni reallıq imkan verir ki, iki dövlət arasında etimad mühiti gücləndirilsin və xaqlar sülh içində yaşasın. Mən hesab edirəm ki, ABŞ bu prizmadan çıxış etməlidir. ABŞ digər ölkələrdən fərqli olaraq bizim bölgəyə heç zaman hərbi müdaxilə etməyib. Daha çox bizim bölgədə yumuşaq güclər fəal olub. İndiki dönəmdə ABŞ və onun yeni seçilmiş prezidenti Co Bayden üçün yeni bir imkan yaranıb ki, bölgədə sülhün möhkəmlənməsi üçün öz təhfəsini versin. Lakin, bu Türkiyəyə qarşı bir təzyiq vasitəsinə çevrilmiş qondarma erməni soyqırımını gündəmə gətirməklə olmayacaq, əksinə, Ermənistan cəmiyyətində revanşist və millətçi qüvvələrin siyasi proseslərdə daha fəallaşmasına səbəb olacaq ki, bu da bölgəyə heç də müsbət bir tendensiya vəd etmir. Əksinə, həm Ermənistanda, eləcə də, bölgədə sabitliyin pozulmasına təsir göstərəcək. Mənim gözləntilərim ABŞ-dan, onun siyasi rəhbərliyi və təsisatlarından dediyim ki, bölgədə daha pozitiv meyillənmələrə şərait yaratmaqdır. Bu eyni zamanda ABŞ-ın bölgəyə müsbət imic ilə qayıtması üçün bir səbəb olar. Bu gün mən, Azərbaycanın siyasi rəhbərliyində də bunun üçün siyasi iradəni görürəm.

- Co Baydenin bu hərəkətindən sonra ABŞ-Azərbaycan münasibəti necə olacaq?

- Mən hər zaman şahidi olmuşam ki, Azərbaycan və onun siyasi rəhbərliyi ABŞ-la münasibətlərə hər zaman müsbət yanaşıb və hətta, buna bənzər siyasi krizislər meydana gələn zaman belə konstruktiv mövqedən çıxış edib. Baydenin məlum soyqırım açıqlaması Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu. Bu məsələdə Azərbaycan cəmiyyəti tam haqlıdır. Bütün dünyanın demokratiyavə insan hüquqlarının müdafiəsi və carçısı kimi tanınan və özünü ədalətli dövlət adlandıran ABŞ-dan tarixə bu cür ədalətsiz yanaşmanı qəbul etmək mümkün deyil. Lakin, təəssüflər olsun ki, hələ də ABŞ kimi güclü bir dövlətin xarici siyasəti erməni diaspora və lobbisinin təsiri altına düşə bilir, mən bu faktı dəfələrlə ABŞ siyasi dairələrinin də diqqətinə çatdırmışam. Lakin, ABŞ öz strateji maraqlarından çıxış etməli və Azərbaycanın bölgədə onun nə qədər etibarlı tərəfdaş olduğunu heç zaman unutmamalıdır. Əgər, ABŞ bölgədə Azərbaycan kimi tərəfdaşını itərərsə, çox şeyi itirmiş olar. Bunu bu ölkənin yeni hakimiyyətə gəlmiş siyasi rəhbərliyi nəzərə almalıdır. Türkiyə əleyhinə atılan hər hansı bir addım qardaş dövlət olan Azərbaycana qarşı atılmış addım sayılır, bunu ABŞ-da bilməmiş deyil. Lakin, mən, düşünürəm ki, sağlam təməllər üzərində qurulmuş və bölgənin rifahına xidmət edən strateji tərəfdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin bundan sonra da inkişaf etməsinə şərait yaradacaq. Mənim gözləntim ABŞ-ın yeni administrasiyasının bu yöndə Azərbaycana doğru müəyyən addımlar atmasıdır və inanıram ki, yaxın zamanda biz bunun da şahidi olacağıq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə