Sərhəddəki münaqişə ilə bağlı danışıqlara başladılar NAZİRLƏR

Sərhəddəki münaqişə ilə bağlı danışıqlara başladılar NAZİRLƏR

Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ruslan Kazakbayev Tacikistandan olan həmkarı ilə iki ölkə sərhədindəki vəziyyətlə bağlı danışıqların başladığını elan edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kazakbayev Vesti.kg-yə bildirib.
"Hazırda Tacikistan tərəfi ilə danışıqlar aparıram. Dialoq nəticəsində Xarici İşlər Nazirliyi rəsmi açıqlama verəcək. Tacikistan səfirliyinə hələ etiraz notası verməmişik", deyə xarici işlər naziri söyləyib.
Agentliyin qeyd etdiyinə görə, Kazakbayev ümid edir ki, tərəflər tezliklə sərhəddəki münaqişəni lokallaşdıracaqlar.
Xatırladaq ki, Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri çərşənbə günü Tacikistan tərəfinin nümayəndələrinin elektrik xəttinin dirəklərinə kameralar quraşdırmağa çalışdıqları üçün sərhədin bir hissəsində başlayan qarşıdurma barədə məlumat veriblər. Qırğızıstan tərəfinin nümayəndələri buna qarşı çıxıblar və dirəyi kəsməyə başlayıblar. Bundan sonra münaqişə iştirakçıları bir-birlərinə daş atmağa başlayıblar.
Diqqətə çatdıraq ki, cümə axşamı gecəsi qarşıdurma kəskinləşib, atışma başlayıb. Nəticədə Tacikistanın iki vətəndaşı ağır yaralanıb, Qırğızıstan tərəfində 16 nəfər yaralanıb və bir nəfər ölüb. Daha sonra Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi, Tacikistan tərəfini minaatan ekipaj mövqeləri qurmaqda günahlandıraraq iki ölkənin hərbi hissələrinin sərhədində atışma olduğunu elan edib.
Onu da nəzərə çatdırq ki, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsi, vaxtaşırı olaraq iki ölkənin yerli əhalisi və ya sərhəd mühafizəçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb bölünməmiş hissələrdir və burada dövlətlər arasındakı sərhədin harada yerləşdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə