Ermənistan tərəfinin təxribatları nəticəsində ötən ilin sentyabr ayının sonunda Dağlıq Qarabağda başlayan hərbi əməliyyatıar, müharibə işğalçı ölkəyə məğlubiyyətlə yanaşı, böyük itkilər verib. İstər çox sayda hərbçi itkisi, istərsə də hərbi texnika, silah-sursat itkisi Ermənistan üçün faciəvi nəticələr deməkdir və işğalçı ölkənin küçə və meydanlarında vətəndaşların etiraz aksiyaları, mövcud hakimiyyətdən istefa tələbi də məhz bundan qaynaqlanır.
Məsələ burasındadır ki, Ermənistan öz işğalçılıq siyasəti sayəsində təkcə hərbi sferada itkilərlə, geriləmə ilə nəticələnməyib. İşğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatına, büdcəsinə, nəticədə vətəndaşların yaşayış səviyyəsinə də əhəmiyyətli dərəcədə mənfi təsir edib. Belə bir tənəzzül ələlxüsus müharibədən sonra daha qabarıq şəkildə büruzə verir və erməni cəmiyyəti bunun fərqindədir ki, müharibə onların iqtisadi geriləməsinə, əhalinin yaşayış səviyyəsinin tamamilə aşağı düşməsinə, yoxsulluq, səfalət vəziyyətinə çatmalarına səbəb olan ən əsas amillərdəndir.
İndi erməni cəmiyyəti də, Ermənistan dövləti də açıq şəkildə iqtisadi geriləməni etiraf edir və bunun səbəbinin özlərinin məğlubiyyəti ilə bitən müharibə olduğunu bəyan edir. Həqiqətən də işğalçı ölkədə elə bir tənəzzül, elə bir səfalət mövcuddur ki, bunu görməməzliyə vurmaq, təkzib etmək də mümkün deyil və bu baxımdan, ölkə rəhbərliyinin, səlahiyyətlilərin, hətta dövlət qurumlarının belə etiraf etməkdən başqa çarəsi qalmır.
Ermənistanda qiymətlərin artımı, ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusən, ölkə iqtisadiyyatındakı bərbad vəziyyətə görə maaşlar, əmək haqları, əhalinin gəlirləri çox aşağı düşüb. Ermənistanın bu ilin yanvar-mart ayları üzrə iqtisadi göstəriciləri hələ keçən ilkinə belə çatmayıb.
Ermənistan Respublikasının Milli Statistika Komitəsinin 2021-ci ilin yanvar-mart ayları üçün xülasəsində bildirildiyi kimi, ölkə iqtisadiyyatı hələ ötən ilin səviyyəsindən də 2% geri qalır. Keçən il martın ikinci yarısından bəri işğalçı ölkə iqtisadiyyatı artıq yaşadığı koronavirus pandemiyası ilə əlaqəli də məhdudiyyətlərlə qarşılaşıb ki, bu da iqtisadi tənəzzülə səbəb olan amillərdəndir.
Ticarət və xidmət dövriyyəsi də gözlənildiyi kimi, Ermənistanda xüsusilə azalıb. Pandemiyanın ilk aylarında bu, restoranların, otellərin və digər obyektlərin fəaliyyətindəki məhdudiyyətlərlə, daha sonra əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqədardır. Hətta bu obyektlər açılmağa başladıqdan sonra da insanlar yenidən bu obyektlərə daha az baş çəkirlər və bu fakt özü də təsirsiz ötüşmür. Nəticədə, Ermənistanda 2021-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsi, 2020-ci ilin eyni göstəriciləri ilə müqayisədə 5,6%, xidmət sektorunun dövriyyəsi 8,1% azalıb.
Ermənistan Respublikasında xüsusilə, sənayedə 3.9 %, kənd təsərrüfatında 0.1 % azalma müşahidə olunur. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı məhsuldarlığı təkcə pandemiya ilə deyil, iqlim şəraiti, eləcə də müharibənin Ermənistan üçün acı nəticələri ilə də əlaqədardır. İlk dəfə, 2008-ci ildə baş verən maliyyə böhranından bəri tikinti sektorunda nəzərəçarpacaq dərəcədə, 4.7% qiymət artımı qeydə alınıb.
İqtisadi tənəzzül ilə yanaşı, Ermənistanda qiymətlərin artımı vətəndaşlarının gözü qarşısında baş verir. İşğalçı ölkədə istehlak mallarında 5,2%, sənaye mallarında 7,1% qiymət artımı olub ki, bu heç də təsadüfi deyil. Vurğulamaq yerinə düşərdi ki, Ermənistanın daxili valyutasının dollara nisbətən ucuzlaşması, dəyərdən düşməsi də günün reallığıdır. Məhz bu reallıq özü də istehlakçı qiymətlərindəki bahalaşmaya səbəb olan faktorlardandır və drama nisbətən dolların məzənnəsindəki artım bahalaşmanı daha da sürətləndirir.
Bəllidir ki, şəkər, kərə yağı və unun böyük hissəsi, ətin bir hissəsi Ermənistana xaricdən gətirilir. Yəni bu, o deməkdir ki, həmin məhsulların qiymətləri dolların bu ölkədə qiymətlərindən bilavasitə asılıdır. Daha dəqiq desək, dolların erməni dramına nisbətdə əhəmiyyətli dərəcədə bahalaşması, yaxud dramın dəyərsizləşməsi işğalçı ölkəyə idxal olunan malların qiymətlərinin kosmik sürətlə artımına rəvac verir, şərait yaradır. Hər gün, hətta hər an dolların artan qiymətləri Ermənistanda məhsulların qiymətlərinin artımını labüd edir və bu proses, göründüyü kimi, qarşısıalınmazdır. Bir sözlə, qiymətlərin artımı bu ölkədə hələ bundan sonra da davam edəcək və bunu sıravi vətəndaşlardan əlavə slahiyyətlilər, dövlət rəsmiləri çox yaxşı bilir və başa düşür.
Ermənistanda az-çox, yəni yox dərəcəsində olan yerli istehsal da valyuta dalğalanmalarından təsirsiz ötüşməyib. Belə bir təsir ermənilərin özlərinin də diqqət mərkəzindədir və onlar özləri bu təsiri daha yaxşı hiss edirlər. Çünki iş üçün qaz tarifi də dollarla hesablanır. Enerjinin qiymətinin artımı da məhz dolların dəyərinin Ermənistanın yerli valyutasına, drama nisbətən qalxması ilə birbaşa əlaqədardır. Ona görə ki, istehsalçılar enerji təminatı üçün qazdan istifadə edirlər və bu zaman qiymət artımı maya dəyərinə təsirsiz ötüşə bilməz. Hətta, bir çox istehsalçı idxal olunan xammaldan da istifadə edirlər ki, bu da öz nöbəsində qiymət artımına mənfi təsir etməlidir.
Bütün bu qiymət artımları fonunda Ermənistanda əmək haqlarında, əhali gəlirlərində əks istiqamətdə, yəni azalmaya doğru mənfi göstərici müşahidə olunub. Doğrudur, bu ölkə üçün mart ayı maaşları haqqında məlumat hələ dərc olunmayıb, lakin fevral ayının məlumatlarını xatırlasaq, fevral göstəricilərinin yanvar ayına nisbətən 0,4% az olduğu bəlli olur. Rəsmi məlumatlara görə, yanvar ayında Ermənistanda orta əmək haqqı 192,4 min dram, fevral ayında isə 191,6 min olub. Vergilər xaricində bu, 147 min dram və ya təxminən 280 dollardır. Maaşların hesablanması üçün dövlət sektorunda olduğu qədər aydın bir sxem olmadığı səbəbdən də özəl sektorda maaşlar xüsusilə azaldılmışdır. Yanvar ayında özəl müəssisələrdə orta əmək haqqı 206,5 min dram, fevral ayında isə artıq 203,8 min həddində idi ki, vergilər xaric, ortalama maaş təxminən 156 min dram və ya təxminən 300 dollar miqdarındadır.
Xatırladaq ki, bir ay əvvəl Ermənistan Statistika Komitəsi fevral ayı üçün məlumatları dərc edəndə İqtisadiyyat naziri Vaan Kerobyan öz facebook səhifəsində Ermənistan iqtisadiyyatının bərpa olunacağı vədini edərkən, hazırkı vəziyyəti də etiraf etmişdi. Nazir əlavə olaraq, 2021-ci ildə Ermənistanın iqtisadi artıma çox ehtiyacı olduğunu vurğulayıb və qeyd edib ki, son bir ildə iqtisadi göstəricilər çox aşağı olub.
Göründüyü kimi, Ertmənistanın iqtisadiyyat naziri belə geriləməni etiraf etmək məcburiyyətində qalıb və işğalçı ölkənin çıxılmaz vəziyyətdə olduğunu dolayısı ilə diqqətə çatdırıb. Əslində, nazirin “son ildə iqtisadi göstəricilər çox aşağı olub” ifadəsi, yaxud “Ermənistanın iqtisadi artıma çox ehtiyacı var” deməsi, mövcud acınacaqlı vəziyyət, işğalçı ölkə iqtisadiyyatının aşağı düşməsi barədə açıq-aşkar etirafıdır.
Diqqətə çatdıraq ki, ötən əsrin sonlarından başlayaraq bölgədə reallaşdırılan qlobal layihələrdən Ermənistan tamamilə kənarda qalıb. Daha dəqiq desək, Ermənistan öz işğalçılıq siyasəti ilə özü-özünü qlobal iqtisadi layihələrdən kənarda qoyub, marginallaşdırıb. Dağlıq Qarabağ torpaqlarına əsassız iddiaları, həmin torpaqları işğal etmələri səbəbindən Ermənistan tərəfi elə o zamandan məhrumiyyətlərlə barışmaq məcburiyyətində qalıb. Heç şübhəsiz ki, bu məhrumiyyətlər işğalçı ölkəni uçurumun dibinə sürükləyib və ölkə iqtisadiyyatı elə həmin zamandan da yox dərəcəsindədir.
Bununla yanaşı, nəzərə çatdıraq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində ötən ilin sentyabr ayının sonunda yenidən başlayan və 44 gün davam edən müharibə bu işğalçı ölkəni məğlubiyyətlə üz-üzə qoymaqla yanaşı, iqtisadi baxımdan da tamamilə diz çökdürüb. Hərbi qüvvə, hərbi texnika, silah-sursat itgisi Ermənistan büdcəsinə ciddi zərbə vurduğu öz yerində, bölgədə baş verən hadisələr, ermənilərin məğlubiyyəti bir sıra mənfi nəticələrə də, iqtisadi tənəzzülə də rəvac verib. Əvvəla, məğlub durumda olan ölkənin vətəndaşları hazırda xaos vəziyyətində olan Ermənistanda sahibkarlıq fəaliyyəti ilə, işgüzarlıqla məşğul olmaq marağında deyillər. İşğalçı ölkə vətəndaşları xaotik durumda olan ölkədə hansısa fəaliyyət sferasına qoşulmaqdan ehtiyatlanırlar və ümumilikdə bütün vətəndaşlar siyasi proseslərə, küçə nümayişlərinə, etirazlara maraq göstərir, Ermənistanın bundan sonrakı taleyindən narahatdırlar. Bu hal da istehsal, sənaye, eləcə də kənd təsərrüfatında fəaliyyətsizliyə gətirib çıxarır. Nəticədə də Ermənistan iqtisadiyyatı birmənalı olaraq inkişafdan qalır və geriləmə, iqtisadiyyatın da aşağı, sıfır səviyyəsinə qədər düşməsi bu səbəbdəndir.
Digər tərəfdən, məhz işğalçı ölkəyə xarici sərmayələr də yox dərəcəsindədir və bu məsələdə də Ermənistanın düşdüyü durum təsiredici amildir. Beləki, məğlub durumda, ələlxüsus xaos vəziyyətində olan bir ölkəyə xarici sərmayələrin cəlb olunması mümkünsüz sayılır. Çünki heç bir sərmayədar daxilində xaos olan, qarçaqarışıqlıq hökm sürən ölkəyə sərmayə cəlb etməyə maraq göstərməz. Ələlxüsus, işğalçı ölkə daxilində hələ də revanşist fikirlərin, ideyaların olması Ermənistana sərmayə cəlbinin bundan sonra da qarşısını qətiyyətlə alır və qeyd edək ki, bu ölkənin iqtisadiyyat nazirinin gözləntilərinin də doğrulacağı sual altında qalır.
Hazırda Ermənistan dövləti, bu dövlətin bundan sonra varlığı özü də sual altındadır deməkdə hər kəs haqlıdır. Çünki iqtisadiyyatı olmayan bir ölkənin varlığı, ən azından müstəqilliyi də sual altında olmalıdır. Belə ki, özü-özünü təmin edə bilməyən və daim xarici ölkələrdən asılı olan, xarici borclanması durmadan artan ölkənin suverenliyindən, müstəqilliyindən söhbət belə gedə bilməz. Ermənistanın timsalında belə asılı ölkələr borclanma və asılılıq müqabilində daim hansısa ölkələrin təsiri, hətta tabeçiliyi altında olurlar. Məhz bu baxımdan işğlçı ölkənin özündə belə bəzi ekspertlər, hətta bəzi vətəndaşlar özləri də həyəcan təbili çalır, vəziyyətin açınacaqlı olduğunu dərk edirlər. Amma buna baxmayaraq, hələ də Ermənistan rəhbərliyi, səlahiyyətlilər və siyasi qurumlar belə işğalçılıq siyasəti yürütməyə meyillidirlər və bu fakt Ermənistanın nəinki iqtisadiyyatının, ümumilikdə bir dövlət olaraq özünün də məhvini reallaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB