YAP Səbail rayon gəncləri şəhid Cəmil Məmmədlinin ailəsini ziyarət ediblər

YAP Səbail rayon gəncləri ilk öncə, Vətən müharibəsinin Səbail rayon şəhidlərinin məzarlarını ziyarət edib, müstəqil Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edərək, ruhlarına dualar oxuyublar. Gənclər Səbail rayon sakini, İsmayıllı Hərbi Komissarlığından Vətənə xidmət üçün çağrılan, hərbi xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edən qəhrəman şəhidimiz Cəmil Məmmədli Habil oğlunun ailəsini ziyarət edib, ailə üzvləri ilə birlikdə igid döyüşçümüzün şərəfli həyat və döyüş yolunu bir daha xatırlayıblar.

Bildirilib ki, qanları və canları bahasına Azərbaycana şanlı qələbə qazandıran şəhidlərimiz əbədi olaraq xalqımızın qəlbində yaşayacaqlar, zaman keçdikcə qəhrəman Vətən oğullarının şücaəti, mərdliyi igidlik dastanına çevriləcək.

Şəhid Cəmilin ailəsi Vətən uğrunda qəhrəmanlıqla döyüşən və Şəhadət zirvəsinə yüksələn oğulları ilə fəxr etdiklərini vurğulayıblar. Şəhid Cəmil Məmmədli Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuş, 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsinin materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.

Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, “Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini” demişdi.

“Atıcılıq”- bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Hadrut döyüşü (Füzuli rayonu) zamanı qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının «Vətən uğrunda» medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) «Vətən uğrunda», Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə «Xocavəndin azad olunmasına görə», Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Rahat uyu, qəhrəman Şəhidimiz! Qanın yerdə qalmadı, bütün şəhidlərimizin qisası alındı və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 28 il sonra işğaldan azad olunmuş torpaqlarımızda Şanlı üçrəngli bayrağımızı qürurla dalğalandırdı. Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün! Ruhun şad olsun, Cəmil qardaşımız! QARABAĞ AZƏRBAYCANDIR!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə