Nikol Paşinyan onsuz da gec-tez istefa verəcək və sadəcə bu, zaman məsələsidir. Hadisələrin gedişi də təsdiq edir ki, erməni baş nazirinin hansısa çıxış yolu qalmayıb. Paşinyanın Sünik bölgəsinə son səfəri zamanı sakinlərin aqressiv reaksiyaları və vətəndaşların onun yolunu kəsərək, səfərinə mane olması, ünvanına təhqiramiz ifadələr, eləcə də istefa tələbi səsləndirməsi də göstərir ki, hər bir halda, erməni baş nazir, sadəcə bunu etmək, istefa vermək məcburiyyətindədir.
Doğrudur, erməni cəmiyyəti səhv, yaxud düz olmasından asılı olmayaraq, baş nazirin istefasını böhranlı vəziyyətdən çıxış yolu kimi görür. Elə bir fikir formalaşıb ki, sanki Paşinyan istefa vediyi anda Ermənistanın bütün problemlərdən azad olacaq. Maraqlıdır, görəsən bu, yəni baş nazirin istefası erməni problemlərinin həlli deməkdirmi?
Çox yox, bircə il öncə, məsələn, keçən yayda belə ağlasığmaz görünən hadisələr hal-hazırda Ermənistanda cərəyan edir və erməni cəmiyyəti də bunun əyani şahididir. Sünik bölgəsinə baş nazirin son səfər niyyəti bir növ, onun özünü göstərmək, ən azından baş nazir kimi imitasiya etməsi üçün son şansı sayıla bilər. Bu son şans eyni zamanda baş nazirin öz postunda son akkordları da hesab olunur. Sözügedən ərazidə cərəyan edən hadisələr, sakinlərin, erməni vətəndaşların etirazları, aqressiyaları və istefa tələbləri ilə yanaşı, baş nazirin ünvanına təhqiramiz ifadələr səsləndirməsi sübut etdi ki, Nikol Paşinyanın karyerası “ölüm” halında olmasa da, ən azından “koma” vəziyyətindədir.
Diqqəti çəkən ən vacib məqam ondan ibarətdir ki, Paşinyanın səfəri gizli şəkildə hazırlanırdı və KİV-lər də bu barədə məlumatsız idilər, amma buna baxmayaraq, həmin yerlərdə “qonaqpərvərlikdən kənar hərəkətlər” müşahidə edildi ki, bunu təşkil etmək asan deyildi. Yəni, həm baş nazirin səfəri, həm də insanların bu səfərdən qaynaqlanan qəzəbi öz-özünə, təbii şəildə baş verdi, hansısa qüvvənin, hansısa qurumun təşkilatçılığı ilə yox. Deməli, baş nazirin, onun istefasını istəyən, ona etiraz edən erməni xalqı yox, müxalifət qüvvələridir, fikri yanlışdır və görünən odur ki, erməni cəmiyyəti Nikol Paşinyandan imtina edir.
Nikol Paşinyan yalnız cənubda belə qarşılandı, deyənlər də yanılırlar. Xatırlayırıqsa, ölən əsgər atası da oğlunun məzarına baş nazirin yaxınlaşmasına imkan verməmişdi və bu hadisə başqa bir istiqamətdə baş vermişdi. Etiraz aksiyalarında da yalnız Syunik sakinləri, yəni, Serj Sarkisyanın, yaxud Robert Koçaryanın əlaltıları, tərəfdarları deyil, həm də öz həyat mövqeləri olan sıravi vətəndaşlar iştirak edib.
Gün keçdikcə Nikolun istefa edəcəyi tarix yaxınlaşır. Ən azından bunu özü də bildirmişdi və 28 mart tarixində söz də vermişdi. “İstefaya getmək üçün deyil, erkən parlament seçkiləri keçirmək üçün aprel ayında istefa verəcəyəm və bu müddət ərzində mən baş nazir vəzifəsini icra etməyə davam edəcəyəm”, demişdi Nikol Paşinyan. Amma, indi dərk etməlidir ki, artıq qala bilməz. Ən azından azca da olsa ləyaqətə sahib bir insan, Sünikdəki səs-küydən, təhqir və istefa tələbindən sonra ölkəyə rəhbərlik etmək üçün mənəvi haqqını itirdiyini başa düşməlidir. Məhz başa düşmür, yaxud Nikol başa düşmək istəmir deyə dünya arenasında Ermənistana məhəl qoyulmur və normal, sivil ölkə kimi də baxılmır bu ölkəyə.
İndi ondan narazı olanları "ciddi şəkildə cəzalandırmağa" çalışan Nikol yalnız ona qarşı olan ikrah hissini daha da artıra bilər. Məsələn, Sünikdə baş verən hadisələrdən, baş nazirin təhqir olunmasından və qovulmasından sonra nəinki özü, hətta arvadı Anna Akopyan da işə qarışıb və təhlükəsizlik xidməti əməkdaşlarını belə hədəfə alıb. Onlar işdən qovulmaqla hədələnirlər. Mehri meri də polis tərəfindən tutulub İrəvana aparılıb və etirazçılara mane olmamaqda günahlandırılır. Amma, bütün bunlar nə Nikol Paşinyanı, nə də onun baş nazir postunu xilas edə bilməz, əksinə, mövqeyini daha da laxladar, necə ki, bunun şahidiyik.
Nikol hakimiyyətdən gedəcək, amma Ermənistan üçün ciddi təhlükələr bununla bitən deyil. Çünki, erməni cəmiyyətində çürük, xəstə ideologiyalar var və belə bir anormallıqların fonunda bir hakimiyyət nümayəndəsi, bir dövlət hakimiyyəti komandasının gedişi ilə təhlükələrin sovuşacağı heç də real görünmür. Əgər erməni cəmiyyəti mövcud reallıqları anlaya, başa düşə və düzgün qiymətləndirə bilmirsə, həmin cəmiyyətin xilası sual altında qalır.
Hələ də Dağlıq Qarabağı yenidən ələ keçirmək barədə fikirlər ortaya atılırsa, revanşizm deyilən axmaq ideyalar erməni cəmiyyətində dövriyyəyə buraxılırsa, bu, ümumilikdə Ermənistan üçün gələcək fəlakətlərdən xəbər verir. İndi ermənilər gec də olsa başa düşməlidirlər ki, illər, onilliklər, hətta əsrlər boyunca öz uydurmalarına, “Böyük Ermənistan” xülyalarına, başqalarının torpaqlarına göz dikdiklərinə görə gözləri ovulub və sonuncu dəfə də 44 günlük müharibədə həmin o dikilən göz demək olar ki, kor edilib. Anlamalıdırlar ki, belə xülyalardan Koçaryanın, Sarkisyanın timsalında bir çox avantüristlər daim istifadə ediblər və bunun da açısını erməni xalqı çəkməli olub. Hazırda da Ermənistandakı mövcud vəziyyətdən öz məqsədləri üçün istifadə edən qüvvələr var və biri hakimiyyətə gəlmək, digəri də mövqe tutmaq üçün ermənilər sadəcə olaraq alət edilir.
Ötən əsrin sonlarından etibarən bölgədə mühtəlif qlobal layihələr reallaşdırılıb və hər birindən də Ermənistan məhrum olub. Əslində, məhrum olub yox, həmin o qeyd olunan qüvvələr, avantüristlər erməniləri, Ermənistan dövlətini məhrub edib desək daha doğru səslənər. İndi səfalət içərisində, aclıq şəraitində erməni ailəsinin yaşamasının səbəbi, məhz elə işğalçılıq siyasətinə, hansısa avantüristlərin hiyləgər siyasətinə qulluq etməsi sayəsində Ermənistanın marginallaşması, dalana dirənməsidir.
İndi erməni cəmiyyəti baş nazir Paşinyanın vədlərinin puç olduğunun fərqindədir. Çünki onun vədlərinin arxasında heç nə dayanmayıb. Bu ölkə vətəndaşlarına firavan həyat, normal yaşayış vəd edən baş nazir, hansı iqtisadi gücə, potensiala və ən azından perspektivlərə arxalana bilər? Bu işğalçı ölkədə bunların heç biri yoxdur axı. Deyildiyi kimi, bu ölkə işğalçı ölkədir, yalnız işğalçılıq siyasəti yürüdüb və görünən odur ki, bundan sonra da işğalçılıq siyasəti yürütmək planlaşdırılır və bu da Ermənistanın bu zamana qədər aldığı zərbələri bir də alacağından xəbər verir. Bir sözlə, yanlış işğalçılıq siyasəti sayəsində qarşılaşdıqları acınacaqlı vəziyyət, bu siyasətin davamənda onları yenə də izləməli olacaq.
Bir sözlə, istər Ermənistan müxalifəti olsun, istərsə də əvvəlki hakimiyyət, yaxud, hazırki hakimiyyət tərəfdarları olsun, kim nə deyir desin, ümumi günah və problem məhz erməni cəmiyyətinin özündədir. Əgər bu boyda rüsvayçı məğlubiyyətdən, itkilərdən, rəzalətdən sonra erməni cəmiyyəti yanlış yolda olduğunun fərqində deyilsə, bu yoldan çəkinmək barədə düşünmürsə, deməli, şanssız və “koma” vəziyyətində təkcə Nikol Paşinyan deyil, həm də erməni cəmiyyətinin özüdür. Ola bilsin elə Sünik etirazlarının timsalında narazılıq aksiyaları da erməni cəmiyyətinin özünü göstərmək, sübut etmək yolunda son akkordlarıdır və erməni cəmiyyəti də hazırda ölüm halında olmasa belə, eyni ilə baş nazirləri kimi, ən azından “koma” vəziyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB