Paşinyan seçkidə qələbə qazanarsa...
İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistanda gözlənilən siyasi hakimiyyət dəyişikliyi baş vermədi. Bunun əsas səbəbi Paşinyan hakimiyyətinin nüfuzu və ya güclü olması ilə bağlı deyildi. Başlıca səbəb hazırda əsas müxalif qüvvə olan "Qarabağ klanı"nın məğlub və zəif Paşinyandan daha da zəif olmasıdır. İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistanda gözlənilən siyasi hakimiyyət dəyişikliyi baş vermədi. Bunun əsas səbəbi Paşinyan hakimiyyətinin nüfuzu və ya güclü olması ilə bağlı deyildi. Başlıca səbəb hazırda əsas müxalif qüvvə olan "Qarabağ klanı"nın məğlub və zəif Paşinyandan daha da zəif olmasıdır. Paşinyan 10 noyabr tarixli bəyanatdan sonrakı 6 aya yaxın dövr ərzində möcüzəli şəkildə hakimiyyətdə də məhz buna görə qala bilib. Onun əsas rəqibləri olan "Qarabağ klanı"nın rəhbərlərinin siyasi meyit olması aşkar olaraq üzə çıxdıqdan sonra ölkə generalitetinin hərbi çevriliş cəhdi də uğursuz oldu. Bundan sonra Paşinyan hərbi çevrilişə qarşı olan əksər aparıcı dövlətlərinin dəstəyindən də istifadə edib ölkənin hərbi elitasında dəyişiklik etdi. Artıq ölkənin həm müdafiə naziri, həm də Baş Qərargah rəisi Paşinyana yaxın kadrlardır. Bu istiqamətdə mövcud təhlükələrdən mümkün qədər sığorta olunduqdan sonra o, ölkədə 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi. Bununla da, Ermənistanda hakim partiya həm müəyyən qədər zaman qazanmaq, həm də keçiriləcək seçkilərlə nəhayət ki, ölkə idarəetməsində yaranmış tərəddüdlərə və suallara nöqtə qoymaq istəyir.
Sarkisyandan Paşinyana ötürülən çarx...
Lakin bu gün Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır və baş verənlərin nədən və nə səbəbdən baş verməsini, Ermənistanın kapitulyasiya olmasını nəinki erməni xalqı, bütün dünya şahid oldu. Erməni xalqı elə zənn edirdi ki, Sarkisyandan yaxa qurtardılar, küçədən özünü «demokrat» hesab edən Nikol Paşinyanın komandasının hakimiyyətə gətirməklə ölkədə müəyyən real dəyişikliklər ediləcək. Proseslər göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Bunu Paşinyanın xarici və yerli mətbuat və agentliklərə verdiyi biabırçı müsahibələri deyilənlərin reallıqlarıdır. Hakimiyyətə gəldiyi ilk gündən erməni xalqı, bütün dünya Paşinyanın gülünc, səviyyəsiz müsahibəsinin şahidi olub, bununla da Ermənistanda mövcud hakimiyyətin xarici siyasət sahəsində naşı olmasını göstərməklə, Paşinyanın olmayan imicini yerlə bir edib. Belə ki, müsahibələr zamanı Paşinyana jurnalistlərin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, həyata keçirdiyi hərbi təxribat, Azərbaycanın mülki vətəndaşlarnı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı ünvanlanan suallar qarşısında aciz duruma düşərək, bu sualların cavabından yayınaraq, rabitəsiz cavablar verməklə, işğala haqq qazandırmağa çalışıb. Amma bununla, belə demək olarsa, özünü daha da biabır edib. Və bu gün Paşinyanın Ermənistanda erkən parlament seçkiləri ərəfəsi seçki oyunu, xüsusilə də seçkiqabağı Robert Koçaryanla Nikol Paşinyanın bir-birlərinin dalınca Moskvaya səfərlər etməsi və özlərini Putinə təqdim etməklə «bax, gör sənə kim daha çox sadiq olacaq, kimə etibar edə, kimi dəstəkləyə bilərsən» kimi düşüncə ilə hesab edirlər ki, bu yolla istəklərinə nail ola biləcəklər. Amma zaman hər şeyi göstərəcək.
Ancaq qeyd edək ki, Moskva-Koçaryan arasında isti münasibət Paşinyanın sonunun nə ilə qurtaracağını da zaman göstərəcək. Çünki Koçaryan hələ sovetlər dönəmindən dövlət təhlükəsizlik orqanlarının agenti və Moskvaya sadiq siyasətçi kimi məşhur olmuşdur. Ancaq Nikol Paşinyan isə hakimiyyətə gəldiyi gündən bu günə kimi sərsəm, düşüncəsiz və səviyyəsiz, savadsız bəyanatları ilə Rusiyaya qarşı çıxdığının şahidi olmuşuq. Və bu gün seçkiərəfəsi «quyruğu qapı arasında» qalan Paşinyanın Moskvaya ardıcıl səfərlərinin nə ilə qurtaracağı aydın görünməkdədir. Ən əsası isə, Paşinyan təkcə ölkə daxilində deyil, həm də xarici siyasətdə uğursuzluqlarla üz-üzədir.
Çünki bu gün Ermənistan kapitulyasiya olduqdan sonra ölkədə ağır olan vəziyyət daha da gərginləşdi. İnsanlar çətin vəziyyətdə yaşamaqda davam edirlər, ölkədə işsizlik, sosial vəziyyət çox ağır durumdadır. Üstəgəl, Paşinyan hakimiyyətdə olduğu müddətdə bu vəziyyətin yüngülləşməsinə istiqamətlənmiş heç bir addım ata, islahatlar apara bilmədi. Ritorikaya, populizmə, «küçə siyasəti»nə üstünlük verən Paşinyan bu manevrlərlə də çox uzağa gedə bilməyəcəyinin fərqindədir. Çünki artıq anlayır ki, ona verilmiş vaxt başa çatmaq üzrədir.
Seçkilərlə bağlı proqnozlar, əsasən, hansısa sürprizin olmayacağı və hakim "Mənim addımım" siyasi alyansının qələbə qazanacağı istiqamətindədir. Ermənistandakı hazırkı siyasi vəziyyət və baş verən proseslər də Paşinyanın qalib gələcəyi ehtimalının daha yüksək olduğunu diktə edir. Təbii ki, bununla yanaşı, Paşinyanın komandası qələbə üçün əlindən gələn qanuni və qanunsuz addımları da atacaq.
Göründüyü kimi, 20 iyun parlament seçkilərinin nəticələri qədər, həmin seçkidən sonra ölkədə baş verəcək siyasi hadisələr də maraqlıdır. Paşinyan qalib gələrsə, onun öncə prezident Armen Sarkisyanla münasibətlərə aydınlıq gətirməyə çalışacağı gözlənilir. Çünki müharibədən sonrakı dövrdə, xüsusilə baş nazirin ordu rəhbərliyi ilə olan qarşıdurması zamanı Prezident Paşinyanı birbaşa dəstəkləmədi. Ona görə də Paşinyan ölkədə mütləq hakimiyyətini bərqərar etmək istəyirsə, həlledici məqamlarda onun yanında deyil, qarşısında duran prezidentdən xilas olmalıdır. Bunun üçün də böyük ehtimal ki, prezidentin növbədənkənar seçilməsi variantı gündəmə gələ bilər. Məlum olduğu kimi, Ermənistanın hazırkı qanunvericilik sisteminə görə prezidenti xalq deyil, deputatlar seçir. Bu baxımdan, parlamentdə mütləq çoxluğa malik olacaq partiyası vasitəsi ilə istəyini reallaşdırmaq Paşinyan üçün heç də çətin olmayacaq.
Politoloqların sözlərinə görə, ən maraqlı və yaddaqalan prosesin Paşinyanın qatı və qəddar düşməni olan "Qarabağ klanı"na qarşı atılacaq addımlarla bağlı olacağı hesab olunur. Ölkədə keçirilən mitinqlərdə Paşinyanın və həyat yoldaşının “Çauşesku cütlüyü” kimi qətlinin ssenarisini nümayiş etdirməklə Baş naziri hədələyən sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı vendettanın təşkil ediləcəyi ehtimalı böyükdür. Yalnız bu prosesləri uğurla başa çatdırdıqdan sonra Paşinyan ölkə daxilində idarəetmə sükanını tam əlinə ala biləcək. Qarabağsız və işğal edilmiş ərazilərsiz Ermənistanda hər şey dəyişə və fərqli şəkildə cərəyan edə bilər. Yalnız 10 noyabr tarixli bəyanatla bağlı öhdəliklərin yerinə yetirilməsinə dair proses dayandığı yerdən əvvəlki kimi davam etməlidir. Bu hal, bəyanatın ən əhəmiyyətli və vacib hissələrindən biri olan Naxçıvan dəhlizinə dair mütləq şəkildə reallaşmalı olan prosesi daha da sürətləndirəcək. Çünki Paşinyan da bilir ki, həmin bəyanat təkcə onun deyil, bütün Ermənistanın müqəddəratını həll edən faktordur.
Qabil Hüseynli: “Kreml Paşinyanın dəyişkən, savadsız siyasətçi olduğunu bilir və Ermənistanın baş naziri də dərk edir ki, onun taleyi Kremldən asılıdır”
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan tez-tez fikrini dəyişən siyasətçidir: “Gah dedi ki, istefa verəcək, siyasətdən gedəcək, indi isə seçkilərə hazırlaşır, hakimiyyətini qorumaq istəyir. Eyni zamanda, Rusiya əleyhinə fikirlər səsləndirir, tənqid edir, qərbyönümlü olduğunu nümayiş etdirir. Bir də baxırsan ki, Moskvaya yalvarır, Putindən imdad diləyir. Əlbəttə, Ermənistanda hakimiyyətin taleyi Kremldən asılıdır. Bunu Paşinyan dərk edir və Moskvaya səfər də bununla bağlıdır”.
Politoloqun sözlərinə görə, Paşinyanın Putindən Rusiyanın seçkilərə müdaxilə edilməməsi ilə bağlı təminat ala biləcək: “Çünki bu gün bölgə dövlətləri üçün də, elə Putinin özü üçün də ən məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır. Ermənistanda hakimiyyətə gəlmək istəyən digər qüvvələr cəmiyyətdə nüfuzu olmayanlardır. Eyni zamanda, quldur, müharibəyə meylli şəxslərdir. Qarabağda müharibənin yenidən alovlanması isə heç kəsə, ilk növbədə də Rusiyaya lazım deyil”.
Q.Hüseynli onu da vurğulayıb ki, belə bir məqam da var ki, hakimiyyətə gəlmək istəyən Ermənistanın sabiq prezidenti Robert Koçaryanı Rusiya dəstəkləyir, Putinlə dostluq əlaqələri var və s: “Amma erməni xalqı bu qulduru, erməni xalqının kabusu olan bu qorxmaz ikiüzlünü də Kreml yaxşı bilir. Moskva Koçaryanı dəstəkləyərsə, o zaman vəziyyət daha da gərginləşəcək. Rusiya planlarının həyata keçməsini istəyir. Təbii, Rusiyanın da bir yox, bir neçə planı var ki, onlardan məncə, ən məqbulu Paşinyanı özünə tabe etdirərək hakimiyyətdə saxlamaqdır”.
Politoloqun sözlərinə görə, Kremlin Ermənistanla bağlı siyasətində hansısa dəyişikliklər edə bilər, amma əsaslı dəyişikliklər gözlənilmir: “Qeyd edim ki, Paşinyan növbədənkənar seçkilər elan etdikdən dərhal sonra Putinlə telefon əlaqəsi saxladı. Güman ki, telefon danışığı zamanı Kreml rəhbərindən qismən təminat aldı. Çünki faktiki olaraq Nikol qeyri-rəsmi təbliğata başladı, regionlara səfər edir, əhali ilə görüşür, ancaq bu görüşlər heç də uğurlu keçmir, son günlər baş verən olaylar bunu sübut edir”.
Beləliklə, Ermənistanın baş naziri hansı oyunu oynayırsa-oynasın yenə də erməni xalqının qorxulu kabusu olan Paşinyanın quldur siyasəti seçkilərdə bir daha görünəcək və bu isə erməni xalqına növbəti zərbə olacaq. Çünki yenə vədləri boş sözlərdən başqa bir şey olmayacaq. Baş verənlərin nə ilə nəticənələcəyini isə zaman göstərəcək.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB