Müsahibimiz ANAP-ın sədri Abutalıb Səmədovdur
- Abutalıb müəllim, bəzi dövlətlərin, eləcə də, Rusiyanın Ermənistana hərbi-siyasi dəstəyi Vətən müharibəsində nümayiş etdirildi. Bunla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə aydınlıq gətirərək bildirib ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna - "Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir" - cavabını vermişdir.
Bu, əslində, tam cavab sayıla bilməz. Çünki Azərbaycanın məktubunda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən, ölümcül "İsgəndər-M" raketləri Ermənistanın əlinə necə düşüb?
Rusiya raketlərin ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə ermənilərin əlinə keçməsinə aydınlıq gətirməli idi. Əvəzində məsələyə heç bir aydınlıq gətirməyən, başdansovdu cavab verildi. Əslinə qalsa raketlərlə bağlı çox şey Azərbaycan rəhbərliyinə məlumdur və bu məqamı cənab prezident öz müsahibəsində xüsusilə vurğuladı. Əsas məqsəd bundan sonra münasibətlərimizə soyuqluq gətirən bu cür addımlardan Rusiyanı çəkindirməkdir. Müsahibəsində bu məsələyə xüsusi diqqət çəkən dövlət başçımız Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə yerləşdirilməsinə aydınlıq gətirdi: "Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndinə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir".
"İsgəndər-M" raketlərinin verilməsi məsələsinə aydınlıq gətirilməməsi böyük dövlətlərin, o cümlədən, Rusiyanın qonşulara münasibətdə yeritdiyi "zorbalıq" siyasəti, qonşuluq, tərəfdaşlıq münasibətlərinə dəyər verməməsi ilə əlaqədardır. Bu cür münasibətin ziyanını ruslar kifayət qədər çəkiblər və davranışlarını dəyişməsələr bundan sonra çəkəcəklər. Son nəticə, təklənmək, çoxsaylı düşmənlər qarşısında müttəfiqsiz qalmaqdır və zənnimcə Rusiyanı belə bir gələcək gözləyir.
- Əgər sübuta yetirilsə ki, ermənilər "İsgəndər-M" raketini qaçaqmalçılıq yolu ilə əldə ediblər, bu halda Ermənistana qarşı hansı beynəlxalq hüquqi tədbirlər görülə bilər?
- Əgər ermənilərin "İsgəndər-M" raketlərini qaçaqmalçılıq yolu ilə ələ keçirdiyi sübut olunsa bu cinayətdə əli olanların cəzalandırılması üçün əlimizdən gələni etməliyik. Dünya birliyi bu cinayətin və onu törədənlərin layiqli qiymətini alması üçün Azərbaycana dəstək verəcəkmi? İnanmıram. Onlar həmişə olduğu kimi özlərini yenə də karlığa və korluğa vuracaq və "heç nə baş verməmişdir" ədası ilə hərəkət edəcəklər.
ABŞ, Fransa, Almaniya və digər qərb dövlətləri təmsilçilərinin 44 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan tərəfində guya "vuruşan" ərəb terrorçuları barədə qopardıqları "şivən" yaxşı yadımızdadır. Olmayan məsələ barədə min cür yalan danışanlar nədənsə ermənilərin Şuşaya atdıqları "İsgəndər-M" raketi barədə heç nə demir, susmağa üstünlük verirlər.
- Ermənistan hələ də, 10 noyabr razılaşmasının müəyyən bəndlərini yerinə yetirmir. Bunu əsas gətirərək Azərbaycan Xankəndinə və digər ərazilərdə antiterror əməliyyatları həyata keçirə bilərmi?
- Erməni silahlılarının ərazimizdən çıxarılması ilə əlaqədar gələcəkdə anti-terror əməliyyatı keçirilə bilər və zənnimcə, mütləq keçirilməlidir. Ancaq bu cür əməliyyatlar ciddi hazırlıq tələb edir və hələlik bu barədə danışmaq tezdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB