Oktay Hacımusalı: “Nə gözləyirdi xanım Osmanqızı, ucaboy, enlikürək erməni əskəri maketi?” TÜRKİYƏDƏN MÜNASİBƏT

“Qısa bir müddət öncə ölkəmizin paytaxtında fəaliyyətə başlayan Qənimətlər Parkının açılması olduqca təqdirəlayiq bir addım idi. Bu addımın təqdirəlayiq olmasını bir neçə rakursdan dəyərləndirmək olar. İlk növbədə, bu, ona görə təqdirəlayiq bir hadisədir ki, hər dəfə insanlarımız həmin parkı ziyarət edəndə 44 günlük müharibədə ölkəmizin necə şanlı bir qələbə qazandığını xatırlayacaq, bu yolda şəhid olan qəhrəmanlarımızı sayğı və minnətdarlıq hissi ilə yad edəcəklər. İkinci bir tərəfdən baxanda təqdirəlayiqdir, çünki qalib bir ölkənin vətəndaşları olan bizlər dövlətimizin nəhai hədəflərinə çatması istiqamətində bütün səylərimizi birləşdirəcəyik. Hər dəfə o parkı ziyarət edəndə millət olaraq, dövlət olaraq dostumuzu, düşmənimizi biləcəyik.

Üçüncü bir tərəfdən təqdirəlayiqdir, çünki bu Qənimətlər Parkının ilk açıldığı gündən içimizdə olan xainləri tanıdıq, onların saxta humanist duyğularının alt qatında yatan çirkin məqsədləri anladıq. İnsanı təəccübləndirən də əslində elə məhz həmin bu məqamdır ki, sən əgər özünə azərbaycanlı deyirsənsə, necə öz ölkənin uğurlarına sevinməyə bilərsən?”. Bu fikirləri SİA ilə Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı bölüşüb.

Onun sözlərinə görə, İkinci Qarabağ savaşında qazanılan möhtəşəm qələbə dünyanın bizə baxışını dəyişdi və bu gün artıq ölkəmizin onsuz da dünyada artan nüfuzunu şanlı ordumuz və müzəffər Ali Baş Komandanımız daha da gücləndirdi. SİTAT: “Bu proses insana o qədər qürur bəxş edən bir prosesdir ki, heç şübhəsiz bundan müəyyən qüvvələr narahat olmaya bilməzdilər. Həmin qüvvələr heç şübhəsiz ölkəmizin nüfuzunun artmasını, güclənməyini istəməyən antimilli dairələrin təmsilçiləridirlər. Əslində, xalqımız bu kimi “ağa qara” deyən qüvvələrin narazı, qane olunmamışlıq kompleksinə çoxdan bələddir. Və onu da bilir ki, bu saxtakar tipajlar müharibənin ilk günlərində ermənilərlə birlikdə “savaşa yox” kampaniyasına start verərək, daha sonra ordumuz şanlı qələbə qazandıqdan sonra ictimai fikri çaşdırmaq üçün əllərindən gələni etdilər. “Hanı Xankəndi, Xocalı, Xocavənd?” – deyə qara-qışqırıq da salanlar bunlar deyildimi? “Niyə axıra kimi getmədik, niyə qisasımızı almadıq?” – deyə yalandan özlərinə əl qatanlar indi nə baş verdi ki, belə birdən birə erməni kimi düşünməyə başladılar? Cavab çox sadədir, olduqca sadə: bunların ağaları ölkəmizin artan nüfuzundan narahatdırlar. Elə narahat olduqları üçün də belə ictimai fikri çaşdırmağa hesablanan addımlar atırlar”.

“Təəccüblü deyil ki, Qənimətlər Parkında erməni əskərlərinin maketlərinin hazırlanmasından narahat olanlardan biri də şübhəsiz, okeanın o tayında oturub dayanmadan antiazərbaycançı dairələrin əlinə oynayan, özünün Osmanqızı yutub kanalında Azərbaycanın bütün uğurlarına kölgə salmağa çalışan Sevinc Osmanqızıdır”, deyən Hacımusalı xatırladıb ki, bu fərd hətta bir zamanlar Xocalı soyqırımını belə azərbaycanlıların törətdiyini iddia edib. İndi də bizim erməniləri olduqları kimi göstərməmizdən narahatdır. SİTAT: “Otuz ildir, milli qürurumuz aşağılanarkən, torpaqlarımızın 20% - i işğal altında ikən, görəsən bircə dəfə də olsun, ermənilərə qarşı öz nifrətini bildiribmi? Bircə dəfə də olsun dilə gətiribmi ki, atamı siz şəhid etmisiniz? Bircə dəfə də olsun torpaqlarımızı işğal altında saxladığına görə onları qınayıbmı? Nə gözləyirdi xanım Osmanqızı, ucaboy, enlikürək erməni əskəri maketi? Dünyanın bir çox yerlərində zəfər muzeyləri var və orada boş qalan dəbilqələr, papaqlar da nümayiş etdirilir, əskər maketləri, silah və sursatları da... Amma həmin muzeylərin heç birində düşmən əzəmətli, qorxunc olaraq təqdim olunmur. Bunu hər halda illərdir okeanın o tayında yaşayan Sevinc Osmanqızı bilməmiş olmaz. Ən azından yəqin ki, bir dəfə də olsa, xarici ölkələrdəki zəfər muzeylərini ziyarət edib. Orda da yetərincə maketlərə baxıb. Əgər baxmayıbsa, bu, onun cahilliyidir. Yox, əgər baxıbsa, o zaman ortada ciddi mənada bir qərəz var. Məncə, ikincidir. Çünki Sevinc Osmanqızı dəfələrlə Azərbaycan dövlətinə, iqtidarına qarşı öz qərəzliliyini dəfələrlə nümayiş etdirib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə