"BMT Qarabağın minalardan təmizlənməsinə kömək təklifinə cavab vermədi" Sergey Şoyqu

BMT Rusiyanın Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak etmək təklifinə cavab verməyib. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası müdafiə naziri, ordu generalı Sergey Şoyqu Zvezda telekanalının cümə günü yayımlanan verilişində açıqlayıb.

“Noyabr ayında bütün bunlar baş verən kimi biz dedik ki, Birləşmiş Millətlərin Minalar Əməliyyat Mərkəzi gəlsin. Bildirdik ki, orada hər yer yuxarıdan aşağıya qədər minalanmışdır. İnsanlar ora qayıda bilməzlər. Kimsə gəldimi? İndiyə qədər heç kim yoxdur və gəlməyib”, deyə Şoyqu bildirib və bu barədə TASS xəbər yayıb.

O, indiyə qədər həmin yerlərdə rusiyalı minatəmizləyənlərin çalışdığını vurğulayıb.

“Həm Fövqəladə Hallar Nazirliyi, həm də Müdafiə Nazirliyi orada işləyir, yerli minatəmizləyənlər də çalışır. Və başqa heç kim gəlməyib”, deyə Rusiyalı nazir əlavə edib.

Xatırladaq ki, Ermənistan tərəfi 30 ilə yaxın işğalda saxladığı Azərbaycan torpaqlarını minalayıb və hazırda ərazilərdə minatəmizləmə işləri aparılır. Məqsəd, həmin ərazilərə qayıdacaq Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, insanların həyatını, sağlamlığını qorumaqdır. Onu da diqqətə çatdıraq ki, Ermənistan tərəfi 10 noyabr razılaşmasından bu vaxta qədər hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməyib və bu xəritələri verməkdən də imtina edir.

Rusiyalı nazirin dediyi kimi, müraciət olunmasına baxmayaraq Birləşmiş Millətlərin Minalar Əməliyyat Mərkəzi də minaların təmizlənməsi işində iştirak etmir və ərazilərə gəlməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...