Oftalmologiya elminin böyük siması – Zərifə ƏLİYEVA ŞƏRH

Azərbaycan oftalmologiya elminin böyük siması Zərifə Əziz qızı Əliyeva şəfalı əlləri və gərgin zəhməti ilə əsl insan ömrü yaşadı. Zərifə xanımın həyat kredosu, fəaliyyət xətti, davranış etikası hər bir kəs üçün örnəkdir. Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr vermiş, böyük oftalmoloq-alim, akademik Zərifə Əliyevanın işıqlı, nurlu siması, əməlləri yaddaşlardan silinmir. Zərifə xanım Əliyeva xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilib və bu gün də belədir. Yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə Əliyeva işıqlı bir ömür yaşadığı kimi, insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi. Elə bir tərcümeyi-hal yazdı ki, vərəqlədikcə böyük bir insan portreti göz önündə canlanır. 1942-ci ildə orta məktəbi bitirən Zərifə Əliyeva elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə həmin ali məktəbi bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib.Elmi araşdırmalara marağı onu Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna gətirib çıxarıb. 1950-ci ildə aspiranturaya daxil olub, 1953-cü ildə aspiranturanı bitirəndən sonra 1957-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Həmin illərdə Azərbaycanda traxoma göz xəstəliyi geniş yayılmışdı. O vaxt bu infeksiyanın müalicəsi üçün təsirli metodlar hələ yaradılmamışdı. Buna görə də həmin xəstəliyə qarşı mübarizə məsələsi təkcə oftalmologiya üçün deyil, bütövlükdə respublikanın səhiyyə sahəsi üçün böyük əhəmiyyət kəsb edirdi. Zərifə xanım traxomaya qarşı mübarizə üzrə müalicə-profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edirdi. O, konkret müalicə praktikası ilə yanaşı, Azərbaycanda traxoma xəstəliyinin xüsusilə təhlükəli miqyas aldığı rayonlara gedir, oftalmoloq həkimlər üçün mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı.Onun ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi. Apardığı araşdırmaların nəticələri Zərifə xanım Əliyevanın "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomintsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1960-cı ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun baş elmi işçisi seçilmişdir.

1960-1967-ci illərdə Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası Ona "Oftalmologiya" ixtisası üzrə baş elmi işçi adı vermişdir.1967-ci ildə O, Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət edilmişdir. O, çoxlu əməliyyatlar aparmış, xəstələrə məsləhətlər vermişdir. Bu fəaliyyət təkcə öz klinikası ilə məhdudlaşmayıb, bütün oftalmologiya müəssisələrini və şöbələrini əhatə edirdi. Bundan əlavə, o, göz xəstəlikləri üzrə təkmilləşmə kurslarının müdavimləri olan həkimlərlə böyük pedaqoji iş aparırdı.

Tibbi təcrübə və kadr hazırlığı məsələlərinə xeyli vaxt sərf etməsinə baxmayaraq, Zərifə xanım öz elmi araşdırmalarını da davam etdirir, bu işə böyük diqqət yetirirdi. Həmin dövrdə o, kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələləri ilə maraqlanır. Bu məsələlər arasında qlaukomanın və görmə orqanının bəzi iltihabi xəstəliklərinin diaqnostikası, müalicəsi, gözün travmaları və digər problemlər xüsusi yer tutur. Oftalmologiyanın az öyrənilmiş sahəsi olan görmə orqanının peşə patologiyası Zərifə xanımın diqqətini cəlb etmişdi. 1968-ci ildən Zərifə Əliyeva görmə orqanının peşə patologiyası məsələləri ilə məqsədyönlü şəkildə məşğul olmağa başlamışdır. Burada xüsusi vurğulamaq lazımdır ki, Zərifə xanımın məşğul olduğu məsələlərin əhatə dairəsinin geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxtərəfli marağı ömrü boyu azalmamışdır. O, yod, rezin-texniki məmulatlar və neft-kimya sənayesi müəssisələrində işlə əlaqədar əlverişsiz peşə amillərinin görmə orqanının və köməkçi aparatın mikro və ultramikrostrukturuna, onun funksiyasına və biokimyasına təsiri problemlərinə xüsusi diqqət yetirmişdi. Zərifə xanım bu problem üzərində işləyərkən bilavasitə sənaye müəssisələrində xeyli vaxt keçirmiş, peşə fəaliyyəti ilə əlaqədar müxtəlif zərərli amillərin təsiri şəraitində işləyən şəxslərin oftalmoloji müayinəsini aparmışdı. Paralel olaraq Bakı və Sumqayıt şəhərlərindəki yod və şin zavodlarının, digər sənaye müəssisələrinin sexlərində heyvanlar üzərində yüzlərlə laboratoriya təcrübəsi aparmışdır. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanımın "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Dissertasiya işi dünyanın nüfuzlu oftalmoloji mərkəzlərindən birində - H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edilmişdir. Onun oftalmoloq alimlər tərəfindən yüksək qiymətləndirilmiş doktorluq dissertasiyası peşəkar oftalmologiya sahəsində ilk işlərdən biri idi. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Zərifə xanım doktorluq dissertasiyası müdafiə edəndən bir il sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının professoru, 1983-cü ildə isə oftalmologiya kafedrasının müdiri seçilir. O, burada işlədiyi ilk gündən qabiliyyətli gənc həkimləri ətrafına toplamış, elmi tədqiqat işini, kadrlar və elmi işçilər hazırlanmasını uğurla təşkil etmişdi. Lakin kafedranın mövcud bazası elmi araşdırmalar aparılması üçün tələbatı təmin etmirdi. Bunun üçün təşəbbüskarlıq lazım idi. Zərifə xanım bu problemi həll etmək üçün bir sıra konkret addımlar atır. Belə ki, 1977-ci ildə Onun təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin idarə heyətinin plenumu Bakı şəhərində keçirilir. Plenum görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə Azərbaycanda ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə Zərifə xanımın təşəbbüsünü dəstəkləyir. Bu, bilavasitə istehsalatda - Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmış unikal elmi bölmə idi. 1979-cu ildə Zərifə Əliyevanın təklifi ilə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda görmə orqanının fiziologiyası və peşə patologiyası problem laboratoriyası yaradılmış, həmin laboratoriyada az intensivli zərərli istehsal amillərinin görmə orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin öyrənilməsi üzrə bir sıra uğurlu və dərin araşdırmalar aparılırdı. Bu elmi tədqiqatların nəticəsində bir neçə monoqrafiya, o cümlədən bütün dünyada qəbul edilmiş "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası" monoqrafiyalarını çap etdirmişdi.1981-ci ildə professor görmə orqanının peşə patologiyası sahəsində oftalmologiyanın inkişafına böyük töhfə vermiş silsilə elmi araşdırmalara görə oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə Əliyeva bu yüksək mükafata layiq görülmüş ilk qadın alim idi.1983-cü ildə Zərifə xanım Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının müdiri seçiləndən sonra Onun fəaliyyət sahəsi genişlənir. Onun görmə orqanının viruslara yoluxmasına həsr edilmiş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Oftalmoloq həkimlər üçün nəzərdə tutulan "Gözün herpetik xəstəliyi", "Kəskin viruslu konyunktivitlər" və digər dərs vəsaitləri bu məsələlərə həsr edilmişdir.Alimin gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsi məsələlərinə həsr edilmiş bir sıra əsərlərində göz melanomasının klinik gedişatının xüsusiyyətləri öyrənilmiş, şişlərin bu növünün biokimyasına aid maraqlı məlumatlar əldə edilmişdir. "Gözün sulanmasının fiziologiyası", "Gözün sulanmasının cərrahi müalicəsinin müasir metodları", "Göz yaşı yollarının qoruyucu cərrahiyyəsi" adlı monoqrafik əsərləri həm oftalmoloqların, həm də fizioloqların diqqətini cəlb etmişdir.

Zərifə xanıma xas olan həkim fədakarlığı, yüksək vətəndaşlıq hissi, qeyri-adi səmimiyyət və həssaslıq, insanlara və onların problemlərinə göstərdiyi diqqət Ona böyük hörmət qazandırmışdır.1983-cü ildə professor Zərifə xanımın Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi Onun böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə verilən qiymətin təsdiqi oldu.Akademik keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" cəmiyyəti idarə heyətinin üzvü və keçmiş SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi böyük ictimai iş aparırdı, "Vestnik oftalmoloqii" jurnalının redaksiya heyətinin üzvü idi.Vaxtsız ölüm akademik Zərifə xanımın elmi axtarışlarını yarımçıq qoydu. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etdi. O, dünyasını dəyişsə də əməlləri, elmi fəaliyyəti hər kəsin qəlbində yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə