“Proseslər onu göstərir ki, müxalifətin xisləti dəyişməyib” ÖZƏL-RƏY

"Son günlərdə Azərbaycan dövlətinə və dövlət təmsilçilərinə qarşı təxribat xarakterli informasiya kampaniyasının aparıldığı aşkar görünür. Bu kampaniya şəbəkələşmiş formada, ən müxtəlif istiqamətlərdən həyata keçirilir. Burada dünyanın müxtəlif qütblərində yerləşən ayrı-ayrı qurumları, Avropada sığınacaq tapan "söyüş müxalifətini", həmçinin, ölkə içində mövcud olan "radikal düşərgə" təmsilçilərini görmək mümkündür". Bunu SİA-ya açıqlamasında Media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Avropadakı "söyüş müxalifəti" Azərbaycan əhalisinə müraciət edərək kütləvi itaətsizlik göstərməyə səsləyirlər: "Ölkə içindəki radikal müxalifət isə, ad çəkməsə də, onlarla həmrəylik göstərərir, ayrı-ayrı mövzular üzrə problemləri qabardır, ictimaiyyəti ayağa qalxmağa səsləyirlər. Özünü beynəlxalq statuslu təşkil elan etmiş, həmişə Azərbaycana qarşı qərəzli davranmış təşkilatlarda da hərəkətlilik var, Azərbaycanı ən müxtəlif məslələr üzrə, qondarma arqumentlərlə tənqid edirlər. Təbii ki, belə ayrı-ayrı komponentlərin eyni vaxtda, mütəşəkkil şəkildə hərəkətə keçməsini təsadüfi saymaq olmaz. Bu prosesi təşkil edən müəyyən bir güc mərkəzinin olduğunu şübhə doğurmur. Maraqlı olan məsələ bu koordinasiyanın kim tərəfindən edilməsidir. Əslində bu da qeyri-müəyyən deyil".

M.Ələsgərli onu da bildirib ki, Azərbaycanın son vaxtlar yürütdüyü siyasəti, əldə etdiyi nailiyyətləri analiz edib nəticə çıxarmaq olar ki, bu siyasət, bu nailiyyətlər kimlərin marağına uyğun deyil, kimlər bu prosesə qarşı çıxa bilərlər: "Azərbaycan 2020-cildə Qarabağ münaqişəsinin həlli üçün uğurlu əməliyyat keçirdi, dünya erməni şəbəkəsinin planlarını alt-üst etdi. Müharibənin aktiv fazası bitsə də, mübarizə bu gün də davam edir. Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə dəstək vermiş, Cənubi Qafqazda sabitliyi pozmuş ayrı-ayrı dövlətləri, güc mərkəzlərini bir-bir ifşa edir, onları dünya ictimaiyyətinə tanıtdırır. Təbii ki, onlar da müqavimət göstərirlər, Azərbaycanı öz haqq işindən çəkindirməyə çalışırlar. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən, ölkə içindəki satqın qüvvələrdən də istifadə edirlər. Bu baxımdan "radikal düşərgənin" hərəkətlərinin səbəbləri aydındır. Onlar heç vaxt xalqa söykənməyiblər, daxildən güc almayıblar, daima xaricdə havadar axtarıblar. İndiki proseslər onu göstərir ki, müxalifətin xisləti dəyişməyib".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə