Prezident İlham Əliyev: "Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir"
Elimizə, obamıza yeni gün gəlir – Novruz gəlir. Əsrlərdən gələn Novruz həyatımıza yeni ruh, yeni ab-hava, gözəllik gətirir. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmiş və zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələri – Novruz ənənələrini yaşadaraq, əsrimizə - yeni yüzilliyə qədər gəlib çatmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən Novruz bayramının bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarı olduğunu bildirib. Bu bayramın Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olduğunu bildirən dövlət başçısı mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutduğunu diqqətə çatdırıb.
Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamülmülkün "Siyasətnamə"sini və Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.
Əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapamaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.
Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri və yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır.
Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə, dövlət səviyyəsində qeyd edilmiş, bununla da, imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq, nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin, bilavasitə səyləri nəticəsində, Novruz bayramı dövlət bayramı elan olunmuş, Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır. Yaz bayramının ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin uğurlarıdır.
BEYNƏLXALQ ÇƏRÇİVƏDƏ QƏBUL EDİLƏN AZƏRBAYCAN MİLLİ XƏZİNƏSİ DÜNYANI TƏƏCCÜBLƏNDİRMƏK İQTİDARINDADIR
Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümummilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir.
Mehriban xanım Əliyevanın, bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin və milli adət-ənənələrinin təbliği sayəsində atılan ciddi addımlardır. Azərbaycan xalqının milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənələlərimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır.
Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadır. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd Çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı Su, Od, Yel, Torpaq ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.
"İNANIRAM Kİ, YAZ FƏSLİNİN QURUB-YARATMAQ ƏZMİMİZİ ARTIRAN YENİLƏŞDİRİCİ AB-HAVASI İLƏ HƏMAHƏNG BİRLİK VƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRƏCƏK"
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Təbrikdə bildirilib ki, yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. "Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir", - deyə dövlətimizin başçısı qeyd edib.
Dövlət başçısı irəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözlədiyini vurğulayıb: "İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik".
Hamıya bahar əhval-ruhiyyəsi arzu edən Cənab Prezident xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyərək, onların əziz xatirəsini dərin ehtiramla yad olunduğunu qeyd edib.
Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəxş etsin!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB