Yerli və xarici mətbuat nümayəndələrinin, diplomatik nümayəndəliklərin təmsilçilərinin ardınca siyasi partiya rəhbərlərinin və ictimai birliklərin fəallarının işğaldan azad olunmuş Qarabağ zonasına səfərlərini təşkil edən Azərbaycan hökumətinin təşəbbüsü təqdirə layiqdir. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq, Azərbaycanın dövlət başçısı daima deyirdi ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə biz bunu həll edəcəyik. Prezidentimiz bu haqlı mövqeyindən heç zaman bir addım belə geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Beləliklə, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni qabarıq göstərirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkirdi. Görülən tədbirlər sayəsində, ilk növbədə, daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Güclü ordunun yaradılması güclü iqtisadiyyatla bağlı olur. Eyni zamanda, həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər quruldu. Ölkə rəhbərliyi tərəfindən beynəlxalq təşkilatlarda iri miqyasda işlər aparıldı.
Bütün bunlarla yanaşı münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata kecirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu.
Şir ürəkli qəhrəman oğul və qızlarımız tarixə yeni səhifələr yazdılar. Şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz quldurlardan təmizləndi. Öz ərazilərimizdə yenidən bayraqlarımız dalğalanır. Biz yaşayırıq, biz döyüşürük, biz yurdumuzun sabahı üçün Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad edib, bayrağımızı qaldırırıq.
İkinci Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid, cəsur, qeyrətli və ismətli oğulları Vətən uğrunda canlarını belə əsirgəmədilər. Vətən uğrunda canını fəda edən qəhrəmanlar gülə-gülə döyüşə atıldıqlarını eşidəndə bir daha əmin oluruq ki, Azərbaycan xalqı həmişə qalib xalq kimi tarixlərdə yaşayacaq.
Martın 17-də respublikadakı siyasi partiyaların rəhbərləri və bir sıra politoloqların təmsil olunduqları qrup işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmişlər. Həmin qrupda Azərbaycan Kommunist Partiyasının MİK sədri kimi mən də təmsil olunmuşam.
Müzəffər ordumuzun qələbəsindən sonra Qarabağ torpaqlarına səfərlərin təşkil olunması erməni işğalcılarının 30 il ərzində törətdikləri vəhşiliklərin, barbarlığın, vandalizmin əyani şahidi olursan.
Bu günün insanının bəxtinə zəmanənin gərginliyi, yolların yoxuşu, sərt döngələri düşüb. Buna baxmayaraq xalqımız sabah üçün çalışır, imkanları daxilində ona imkan verilməlidir. Ümummilli maraqlar bütün maraqlardan üstün olmalıdır.
Mövcud çətinliklərdən qurtarmaq üçün xalqı birliyə dözümə çağırmaq əvəzinə AXCP və Müsavat kimi partiyalar yaxalarını çəkərək Vətən uğrunda müharibədə milli maraqlar çərçivəsində çıxış etməyəcəklərini nümayiş etdirdilər. Unutmamalıyıq ki, Qarabağımızın işğalı AXCP-Müsavat hakimiyyəti dövründə baş vermişdir.
Respublikamızda aparılan islahatlar iqtidar-müxalifət münasibətlərinin yumşalmasına, dialoq mühitinin formalaşmasına da öz müsbət təsirini göstərir.
Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlrə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına nail olacağımıza inanırıq.
Yüksələn bayraqların mübarək, Azərbaycan!
Hacı Hacıyev
Azərbaycan KP MİK sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB