"Milli demokratiya nümunəsi" MƏQALƏ

Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında daha yeni bir ilkə imza atıldı. Belə ki, ölkəmizin siyasi tarixində partiyaların konslidasiyası məsələsi gündəmə gəldi. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya bu partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və aşağıdakı partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu milli həmrəyliyin bir təzahür forması olmaqla bərabər, həm də ölkəmizdə partiyalararası dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Partiyaların təmərküzləşməsi siyasi alət olaraq güclərin birləşməsinə və maraqların eyni müstəvidə fokuslanmasına səbəb olacaqdır.

Bildiyiniz kimi, Azərbaycanda qeydiyyatdan keçmiş əllidən çox siyasi partiya vardır. Müstəqilliyin ilk illərində bu demokratiyanın bir göstəricisi kimi qiymətləndirilsə də, artıq partiyaların sayını çox olması dünyada da səmərəli hesab olunmur. Eyni zamanda, partiyaların çoxluğu fikir plüralizmi yox, siyasi xaos yaradır. Çünki müstəqil dövlətimizin çoxşaxəli xarici və daxili siyasətinin bütün aspektləri əhatə etdiyinə görə belə yanaşmaya lüzum qalmır. Həmin partiyaların YAP-a birləşmək istəyi də bu müstəvidə özünü göstərir. Deməli, bu partiyalar daha çox xalqın maraqlarına xidmət edir.

Ölkəmizdə milli həmrəylik və normal dialoq mühiti formalaşdırılır. Bu dövlətimizin milli prioritetlərindən biridir. II Vətən Müharibəsində qazandığımız şərəfli qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə milli maraqların qorunmasına xüsusi diqqət verilir. Məhz müharibənin gedişi zamanı əldə olunmuş iqtidar-müxalifət dialoqu artıq öz müsbət bəhrəsini verməyə başlamışdır. Belə ki, ümumdövlət və ümummillət müstəvisində vahid mövqe yaranmağa başlamışdır. Ölkədə milli həmrəylik və milli birlik dövlətimizin gücünü və qüdrətini daha da artırmışdır.

6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü də məhz milli həmrəylik müstəvisində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. Çünki bu birləşmə həm də siyasi inteqrasiya prosesinin əsasını qoydu. Gələcəkdə başqa siyasi partiyaların da hakim partiyaya birləşməsi gözlənilən bir hadisədir. Çünki məhdud resurslara malik olan partiyaların, kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycanda resurslarına və imkanlarına görə kifayət qədər gücü olan YAP yeni siyasi inteqrasiya proseslərinin mərkəzində durur. Nisbətən zəif və imkanları kifayət qədər az olan partiyaların konslidasiyası prosesi qaçılmazdır. Bütün dünyada iki və üç siyasi güc mərkəzi olur. Bunlar hakim partiya, sağçılar və solçulardır. YAP-a qoşulan altı siyasi partiya, həm birləşdikləri partiyaya olan inamını təsdiqləyirlər, həm də milli həmrəyliyin nümunəsini sərgilıəyirlər.

Azərbaycanın yürütdüyü müasir siyasi ideologiya əksər siyasi partiyaların məramı və çatmaq istədiyi məqsədi özündə ehtiva etdiyinə görə, siyasi partiyaların hakim partiyaya inteqrasiya prosesinin güclənməsi gözləniləndir. Belə ki, həmin partiyaların istər siyasi müstəqilliyin qorunması, istər ərazi bütövlüyünün bərpa olunması, istərsə də Azərbayca-Türkiyə münasibətlərinin yeni müstəviyə keçməsi ideyası hakim partiya tərəfindən uğurla həyata keçirildiyinə görə, daha eyni ideyalı çoxsaylı siyasi partiyalara ehtiyac duyulmur. Siyasi partiyalar özlərinin təbii məhvini gözləmədən konslidasiya prosesinin subyektinə çevrilməlidirlər. Bu onların ən gözəl şansı ola bilər.

Nurlan Əliyev

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənc

Bütün xəbərlər Facebook səhifəmizdə