Quldur rejimin təxribatları davam edir –Rusiya SM isə seyrçi qalır FOTOFAKT

Quldur “dqr” rejimi Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul olunmuş üçtərəfli Bəyanata rəğmən, təxribatlar törətməkdən usanmamaqla yanaşı, hələ də Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə separatçılığa, terrorçuluğa və işğala söykənən təfəkkürlərindən əl çəkməməkdədirlər. SİA belə bir təxribatlardan növbətisini müəyyən edib. Belə ki, 44 günlük müharibə zamanı işğalçı ordunun tərkibində yer alan və döyüşlər zamanı gəbərdilən bir erməni topçu-əsgərinin saxta “qəhrəmanlığı” ətrafında şou düzəldən separatçılar Xankəndinin mərkəzi hissələrinin birində yerləşən və ermənilərin “dirçəliş” adlandırdıqları meydanda (həmin meydan 1988-ci ilin fevralında separatçılığın başlanğıc nöqtəsi olub – R.R.) xatirə abidə kompleksi yaradıblar.

Bu kimi faktların üzərində ciddi nəzarət mexanizmini nə qədər ki, gec deyil, reallaşdırmaq tələbi daha çox görünməyə başlayıb

Bu fakt isə, əslində, Qarabağdakı quldur rejimin, eləcə də orada yaşayan ermənilərin azərbaycanlılarla heç vaxt bir yerdə sülh şəraitində yaşamayacaqlarını təsdiq edən növbəti eyham, yaxud reallıqdır. Çünki bu gün Xankəndinin mərkəzində hələ də separatçıların əski parçaları dalğalanır, üstəlik, hazırkı dövrə qədər bir sıra təxribatçılıqlar da törədilib. Biz buraya Rusiya SM-nın hərbi keşişinin “dqr”in “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanla və saxta “qurumun” qondarma “prezidenti” Araik Aryutyunyanla birlikdə işğalçıların məzarları qarşısında dua edib-gül dəstələri düzməsini, Xocavənddə erməni terrorçusu Qaregin Njdeyə qoyulan büstü və digər bir çox məsələləri də əlavə edə bilərik.

Daha bir məqam isə Rusiya sülhməramlılarının baş verənlərə müdaxilə etməmələri, açıq-aşkar şəkildə Bəyanatın müddəalarının pozulmasına biganə yanaşmalarıdır. Hər halda, bu kimi faktların və eyni zamanda hər gün üzə çıxan digər məsələlərin üzərində ciddi nəzarət mexanizmini nə qədər ki, gec deyil, reallaşdırmaq tələbi daha çox görünməyə başlayıb. Məhz Qarabağda 1988-ci ildə başladılan separatçılıq toxumları da bu kimi bənzər məsələlərdən doğmağa başlamışdı...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə