Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edən jurnalistlərin sayına, təmsilçiliyinə, müddətinə və məzmununa görə analoqu olmayan tədbirlərdən biri idi. Cənab Prezident 4 saatdan çox çəkən mətbuat konfransında 4 dildə, dünyanın 35 qabaqcıl və tanınmış media qurumunun 50-yə yaxın sualını cavablandırmış, verilən bütün sualların cavabları gözlənildiyindən daha ətraflı və zəngin olmuş, mətbuat konfransı açıq, şəffaf və isti mühitdə,işgüzar şəraitdə keçirilmiş, jurnalistlərə öz suallarını verməyə hərtərəfli şərait yaradılmışdı.

Cavablandırılan suallarda Cənab Prezident 44 günlük müharibədən və 10 noyabr 2020-ci il tarixli üç tərəfli bəyənatdan sonra Qarabağ bölgəsindəki mövcud durum, bölgənin dirçəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq, kommunikasiyaların açılması, beynəlxalq birlik üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaranan yeni imkanlar, Rusiya sülhməramlı qüvvələrinin və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, Qarabağda yaşayan etnik ermənilərlə gələcəkdə birgəyaşayışın təmin edilməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına,o cümlədən Xocalı da daxil olmaqla hazırda Rusiya sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərə köçürülməsi istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər, Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərinin 10 noyabrdan sorakı vəziyyəti və gələcək inkişaf perspektivlər, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində atılan addımlar, Ermənistandakı revanşist qüvvələrin hakimiyyətə gəlmək xülyaları və 44 günlük müharibədən sonra ağır və sarsıdıcı məğlubiyyət fonunda Ermənistanın daxilində baş verən idioloji və siyasi hakimiyyət böhranı və digər çoxsaylı məsələlər barədə istər dünya ictimaiyyətində, istərsə də ölkə əhalisində yaranan suallar,dəqiqliklə və məntiqlə cavablandırdı, onları narahat edən məsələlərə tam aydınlıq gətirdi. Azərbaycan cəmiyyətinə bir daha aydın oldu ki,”DQR” və “Dağlıq Qarabağ” deyilən bir məfhum yoxdur və bu barədə söhbət gedə bilməz ."Nəyi, nə zaman və necə etməyi" Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevdən yaxşı heç kəs bilmir.

Prezident regionda, ölkədə və Qarabağda baş verən proseslərin hər birindən məlumatlıdır, bu prosesləri istiqamətləndirir, idarə edir və lazım gəldikcə, məqamı yetişdikdə müsahibələr, görüşlər, səfərlər və digər tədbirlər zamanı bu barədə media vasitəsilə istər beynəlxalq ictimaiyyətə, istər ölkə əhalisinə, istərsə də opponetlərimizə, rəqiblərimizə və düşmənlərimizə lazımı mesajlar (ismarıclar) verir.Bu ismarıclar o qədər aydın və anlaşılan formada verilir ki ,onları başa düşməmək nadanlıqdır. Cənab Prezidentin son mətbuat konfransı onun nə qədər səbr və dözüm qabiliyyətinə, yüksək intellektə və diplomatik gedişlərə, yanaşma ustalığına, yüksək ünsiyyət keyfiyyətlərinə malik olduğunu bir daha nümayiş etməklə,müasir dövrün siyasi lideri,ağıllı və müdrik dövlət başçısı olmaq nümunəsini əyani şəkildə nümayiş etdirdi. Əminik ki, bu mətbuat konfransı 44 günlük Vətən müharibəsindəki qələbədən sonra informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da möhkəmləndirməklə, regionda yaranmış yeni şəraitdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.

Ramiz Göyüşov,

YAP Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə