Prezidentin Qarabağın statusu ilə bağlı bəyanatı Rusiya mətbuatında

Prezidentin Qarabağın statusu ilə bağlı bəyanatı Rusiya mətbuatında

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, Qarabağın statusu məsələsi gündəmdən çıxarılmalıdır. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyində yazı dərc edilib.

"Mən dəfələrlə bu mövzuda danışmışam. Təkrarlamaq istəmirəm. Ermənistana və erməni xalqına bu mövzuda daha az danışmağı, boş ümidlər yaratmamağı məsləhət görürəm. Bu məsələ gündəmdən düşməlidir. Bu məsələni qaldırmaq barışa, sülhə xidmət yox, qarşıdurma deməkdir", deyə Azərbaycan Prezidenti İlham Əliyevin söylədiklərini RİA Novosti Agentliyi sitat gətirir.

Sözügedən mətbuat səhifəsində xatırladılır ki, Qarabağdakı münaqişə 1988-ci ildə başlayıb, 1992-1994-cü illərdəki silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə üzərində nəzarəti itirib. Qeyd olunur ki, 1992-ci ildən bəri, üç həmsədrin - Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparılıb, ancaq heç bir fayda verməyib. Həmçinin bildirilir ki, Azərbaycan ərazi bütövlüyünü qorumaqda israrlıdır.

RİA Novosti yazır ki, Qarabağda döyüşlər 2020-ci il sentyabr ayının sonunda yenidən başlayıb, tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılığın uğurlu olduğu ortaya çıxıb. Qeyd olunur ki, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin, ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər, Azərbaycana məxsus ərazilər öz sahibinə qaytarılıb, bundan əlavə, bölgədə rus sülhməramlıları da var.

Qeyd edək ki, həqiqətən də üç həmsədr ölkə az qala 30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində dırnaqarası fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə Ermənistan tərəfi heç də getməyib, danışıqlara riayət etməyib və göründüyü kimi bu fakt belə Rusiya mətbuatında etiraf edilir. Həmçinin qeyd edilir ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumaqda israrlıdır. Deməli, Rusiya tərəfi də yaxşı başa düşür və etiraf edir ki, heç bir şəkildə Ermənistan Azərbaycanın hansısa ərazisini qopara bilməz.

Doğrudur, ermənilər Qarabağın statusu məsələsi ilə bağlı da hansısa iddia ilə çıxış ediblər və bu barədə Rusiya mətbuatı da bu zamana kimi yazıb, mövqe bildirməsə də belə. Amma, məsələ burasındadır ki, artıq Rusiya tərəfi yaxşı başa düşür və qəbul edir ki, bundan sonra heç bir statusdan söhbət belə gedə bilməz və bunu Rusiya mətbuatı da yazır. Hətta, Cənab Prezidentin Qarabağın statusunun gündəmdən çıxarılması bəyanatının Rusiya mətbuatında yayımlanması, ölkə başçımızın sözlərinin sitat gətirilməsi onu göstərir ki, Rusiya tərəfi status məsələsinin gündəmdən çıxarılması ilə əlaqədar vəziyyətlə barışıb və növbə Ermənistan tərəfinindir. Əbəs yerə deyil ki, Cənab Prezident vurğulayıb ki, bu məsələni qaldırmaq sülhə xidmət yox, qarşıdurma deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə