Müxalifət: Hökuməti Qarabağ məsələsində tam dəstəkləmək lazımdır! ŞƏRH+AKTUAL

Partiya sədrləri antiterror əməliyyatının mümkünlüyündən danışıblar

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan ölkə başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanat və bu il yanvarın 11-də keçirilmiş görüşlərdən sonra əldə edilmiş razılaşmalar çərçivəsində erməni tərəfinin verdiyi vədlərə əməl etməməsi bu və ya digər şəkildə görünməkdədir. Ermənistanın rəsmi şəxslərinin Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə gedərək, “iki erməni dövləti” adı altında “qərarlar” verməsi, qondarma və quldur rejimin “silahlı birləşmələrinin” hələ də buraxılmaması, əksinə “hərbi çağırış” elan etməsi, yeni “güc strukturları” formalaşdırması, “yaranmasının ildönümlərini” qeyd etməsi və s. kimi məsələlər Azərbaycan cəmiyyətində də hiddət hissləri yaradır. Eyni zamanda, Ali Baş Komandan cənab İlham Əliyevin bir müddət əvvəl təxribatların davam edəcəyi halda, qarşı tərəfə daha sarsıdıcı zərbələrin endiriləcəyi barədə verdiyi bəyanatı, etdiyi xəbərdarlığı da öz qüvvəsində qalmaqdadır. Belə olan halda Azərbycan tərəfinin ərazilərinin düşmənlərdən və düşmən maraqlarından tam azad etməsi hüququnun qüvvədə qalması da kimsəyə sirr deyil.

Məhz qələbə ilə başa çatmış Vətən müharibəsi başlayarkən, xalq birliyi, xüsusilə müxalifət partiyalarının birmənalı şəkildə Ali Baş Komandanın və Ordunun ətrafında sıx birləşməsi faktoru da bu gün öz əhəmiyyətini saxlamaqdadır. Bu baxımdan, sözügedən mövzu ilə bağlı müxalifətçi partiya sədrlərinin fikirləri maraq doğurur.

AĞ Partiyanın sədri Tural Abbaslı: “Görünən odur ki, üçtərəfli anlaşmadan sonra Ermənistan tərəfi üzərinə düşən şərtləri icra etmir”

“Üçtərəfli bəyanat imzalananda Prezident İlham Əliyevin çıxışında da qeyd olunmuşdu ki, şərtlər icra olunmasa, Azərbaycan müharibəyə qaldığı yerdən davam etmək hüququnu özündə saxlayır”. SİA xəbər verir ki, bunu AĞ Partiyanın sədri Tural Abbaslı son zamanlar Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatın pozulması yönündə atdığı təxribatçı addımlarını, habelə hökumət nümayəndələrinin separatçı və qondarma “dqr”ə edilən səfərlərini şərh edərkən deyib. Onun sözlərinə görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmirsə, Azərbaycanın qaldığı yerdən davam etməyə tam hüququ var.

Lakin bununla yanaşı, T.Abbaslıya görə əgər sözügedən təxribatlara qarşı hər hansı bir hərbi əməliyyatlara start verilərsə, bunun müharibə deyil, antiterror əməliyyatı adlandırmaq daha doğru olardı: “Çünki Azərbaycan ikinci bir dövlətlə mübarizə aparmır. Öz ərazisi daxilində separatçı rejimə qarşı mübarizə aparır. Bunun adı da antiterror əməliyyatıdır. Necə ki, Türkiyə özünün bəzi şəhərlərində aylarla bu əməliyyatları həyata keçirir. Eləcə də Bakının hüququ var ki, istənilən an Xankəndidə, Xocalıda, Xocavənddə antiterror əməliyyatları aparsın. Bu hüququ heç kim bizim əlimizdən almayıb. Görünən odur ki, üçtərəfli anlaşmadan sonra Ermənistan tərəfi üzərinə düşən şərtləri icra etmir”.

“Əgər antiterror əməliyyatları başlayarsa, müxalifət yenə də qeydsiz-şərtsiz dəstəyini verəcək”

“Oradakı silahlı birləşmələrin çıxarılması məsələsi yubanır və ya Xankəndidəki rejim özünün varlığını sübut etməyə çalışır və təxribatçı addımlar atılır”, deyən partiya sədrinə görə, bütün bunlar Azərbaycana antiterror əməliyyatlarını keçirməyə əsas verir: “Belə davam edərsə, mən də gözləyirəm ki, yaz aylarında qısa müddətli, ildırım sürətli əməliyyatlar ola bilər. Əgər bunun olmasını istəmirlərsə, üçtərəfli bəyanatda olan şərtləri yerinə yetirməlidirlər”, AĞ Partiyanın sədri bildirib və onu da qeyd edib ki, əgər antiterror əməliyyatları başlayarsa, müxalifət yenə də qeydsiz-şərtsiz dəstəyini verəcək: "Siyasi partiyalar məsuliyyəti anlayır və üzərlərinə düşən missiyanı başa düşür. Bilirik ki, bu, Azərbaycan dövlətinin taleyinin həll olunduğu anlardır. Güman eləmirəm ki, kimsə öz siyasi ambisiyalarını öndə tutsun və öz siyasi maraqlarından çıxış etsin. Əgər belə bir çıxış olarsa, cəmiyyət həmin siyasi partiyanı, siyasi anlamda linç edər. Düşünmürəm ki, müxalifətin vahid mövqedə duraraq hökumətə, orduya dəstəyində problem ola".

BAP sədri Elşad Musayev: “Bu məsələdə hökuməti tam dəstəkləmək lazımdır”

Digər müxalifət partiyasının rəhbəri, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bildirib ki, bu məsələdə hökuməti tam dəstəkləmək lazımdır. “Hadisələrin gedişi onu göstərir ki, ermənilər əvvəlki niyyətlərindən əl çəkməyiblər. Eyni dərəcədə həyasızlıqla köhnə əməllərinə davam edirlər. İstər Qarabağın dağlıq hissəsində olan qondarma rejimin nümayəndələri, istərsə də Ermənistan rəhbərliyi eyni addımları atır. Ermənilərin xarici işlər naziri də ”artsax"ın “müstəqilliyindən” danışır. Üç dövlət başçısının razılaşmalarına da əməl etməməyə çalışır. Belə olan halda Azərbaycanın antiterror əməliyyatları keçirməsindən başqa əlacı qalmır", deyən Elşad Musayev hesab edir ki, bütövlükdə Qarabağ məsələsində hökumətin atdığı addımlar birmənalı şəkildə dəstəklənməlidir. Belə ki, cəmiyyətdə əməliyyatların başlayacağı ehtimalı ilə bağlı düşüncələr var.

“Xorvatiya necə ki, öz tərkibində serblərdən ibarət separatçı qüvvələri zərərsizləşdirib, biz də eyni bunu etməliyik”

Elşad Musayev əlavə edib ki, Qarabağ məsələsi daim öz prioritetliyini qoruyub-saxlayır və indi də belədir: “Bizim başqa çıxış yolumuz yoxdur. Qarabağ müharibəsi başlayandan bir siyasi partiyanın rəhbəri kimi mövqeyimi elan etmişəm. Bu gün də birmənalı şəkildə deyirəm ki, Ali Baş Komandan, Ordu müdafiə olunmalıdır. İlham Əliyev həm də ona görə müdafiə olunmalıdır ki, proseslərdə əli gücü olsun. Azərbaycan siyasilərinin, bizim qarşımızda duran əsas vəzifə Qarabağ məsələsini tam həll etməkdir”.

BAP sədri bildirib ki, hazırda ölkədə heç bir seçki prosesi yoxdur və bu baxımdan, Qarabağla bağlı məsələdə də müxalifət vahid mövqedən çıxış etməlidir. O, eyni zamanda ermənilərlə bizim birgə yaşayışımızın mümkün olmadığını da qeyd edib və misal gətirib. “Xorvatiya necə ki, öz tərkibində serblərdən ibarət separatçı qüvvələri zərərsizləşdirib, biz də eyni bunu etməliyik. Biz kimin nə deməsindən asılı olmayaraq, eyni qətiyyətlə bu prosesin üzərinə getməliyik", deyə müxalifətçi partiya sədri qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə