“Qarabağın yenidən qurulmasında YAP gənclərinin rolu” - Videokonfrans

“Qarabağın yenidən qurulmasında YAP gənclərinin rolu” - Videokonfrans

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov və Suraxanı rayon təşkilatları gənclər birliklərinin birgə təşkilatçılığı ilə “Qarabağın yenidən qurulmasında YAP gənclərinin rolu” mövzusunda videokonfrans formatında iclas keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, AR-nın Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər gənclər iştirak ediblər.

Tədbirin məqsədi 30 ilə yaxın müddətdir Qarabağda davam edən işğaldan müzəffər ali baş komandan və qəhrəman ordumuz tərəfindən azad olunmuş torpaqlarımızın yenidən qurulması, bu ərazilərdə həyatın yenidən canlanması, infrastruktur layihələrin həyata keçirilməsində YAP gənclərinin iştirakı və Qarabağın yenidən qurulması ilə bağlı gənclərin təkliflərinin səsləndirilməsi və dəyərləndirilməsi olub.

Videokonfrans formatında olan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfrans öz işinə başlamış və çıxışlar dinlənilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, AR-nın Gənclər və İdman Nazirliyinin“Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi” sektorunun müdiri Əli Məmmədov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Suraxanı rayon Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova bildiriblər ki, 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan İlham Əliyev və Qüdrətli Azərbaycan Ordusunun gücü, şücaəti sayəsində Böyük Zəfərlə başa vurduq. Bu gün isə qarşımızda duran ən vacib məsələ Qarabağın yenidən qurulmasıdır. Biz güclü dövlətimizin görəcəyi işlərlə bir daha dünyaya sübut edəcəyik ki, bu torpaqların əsl sahibi bizik. Ermənilər 30 il ərzində cənnət olan bu torpaqları cəhənnəmə çeviriblər. Orada daşı-daş üstündə qoymayıblar. Biz müqayisəli şəkildə dünyaya göstərməliyik ki, torpağın əsl sahibi kimdir, torpağı işğal altında saxlayan, oranı talan edən, dağıdan kimdir. Qarabağın yenidən qurulması prosesində hər kəsin iştirakının vacib olduğunu vurğulayan natiqlər, həmçinin, Yeni Azərbaycan Partiyası və gənclərinin bu proseslərdə yaxından iştirakının olduqca müstəsna və gözlənilən olduğunu qeyd ediblər.

Daha sonra YAP Nərimanov və YAP Suraxanı rayonundan olan gənclərin Qarabağın yenidən qurulması ilə bağlı təklif və fikirləri səsləndirilmiş, geniş müzakirələr aparılmış, həmçinin, Milli Məclisin deputatı Ramin Məmmədov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov tərəfindən gənclərin təklifləri qeydə alınıb.

Bununla da tədbir öz işini başa çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə