Prezident İlham Əliyev: "Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq"
Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi «müxalifət» deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə və ən nəhayət 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımızın diplomatik siyasəti, Müzəffər ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə son qoymayı – Böyük Qələbə qazanması, "Biz birlikdə güclüyük!" şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz Liderinə inanır. Ancaq həmişə olduğu kimi, bu gün də Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.
Bütün çıxışlarında Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu gün erməni işğalından azad etdiyimiz torpaqlarımızın işğalçıya verilməsinin səbəkarları AXC-Müsavat cütlüyüdür.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 14-də işğaldan azad olunmuş torpaqlarımıza - Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti tarixi səfəri zamanı bildirib ki, AXC-Müsavat cütlüyünün bu cinayətləri heç vaxt bağışlanılmayacaq və unudulmayacaq, həmçinin, cinayətkarlar cəzasını çəkəcəklər: "Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi".
"Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!"
Dövlət başçısı onu da bildirib AXC-Müsavat mənfur cütlüyünün satqınlığını unutmamalıdır: "Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək
Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna da nail oldu.
Ancaq 28 il "müxalifətdəyəm" deyən əqidəsi, məsləki satqınlıq olan AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov... kimilər necə ki, iş çətinə düşən kimi, «dövlətin yanındayıq» (vəziyyət stabilləşən kimi olurlar iblislər-R.H.) deyən bu dələduzlara dövlət başçımızın : "Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir» çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır".
Həmçinin, onlar bilməlidirlər ki, torpağı, Vətəni satanları xalq heç vaxt bağışlamayacaq və xalqın qarşısında mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB