Ermənistanda bank qarət edildi - oyuncaq tapança ilə

Ermənistanda bank qarət edildi - oyuncaq tapança ilə

İrəvanda 33 yaşlı kişi oyuncaq tapança ilə bankı qarət edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Sözügedən qurumun mətbuat xidmətinin məlumatına görə, polisə naməlum bir şəxsin İrəvandakı banklardan birinin filialına silahlı basqın etdiyi barədə informasiya daxil olub. Qeyd olunur ki, bank filialını qarət edən şəxs tutulub və ilkin məlumatlara görə, o, xüsusilə böyük miqyasda, yəni, 5.665.233 dram (10.8 min dollardan çox) bir pul oğurlayıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma nəticəsində iddia edilən cinayətkarın şəxsiyyəti məlum olub və onun 1988-ci il təvəllüdlü İrəvan sakini olduğu ortaya çıxıb. O, soyğunçuluq etməkdə şübhəli bilinərək tutulub və dindirilib. Bu zaman silah olaraq üzərindən istifadə etdiyi oyuncaq tapança və oğurlanan məbləğ tapılıb.

İstintaq davam edir. Hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq, habelə tam, obyektiv və hərtərəfli istintaqı təmin etmək üçün zəruri istintaq və digər prosessual hərəkətlər edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə