Yeni layihələr münasibətləri daha məhsuldar müstəviyə çıxaracaq - AÇIQLAMA
"İtaliya Azərbaycan münasibətlərinin qədim tarixi və ənənələri var. Təqdiredici hal isə hazırda bu münasibətlərin yüksələn xətlə hər iki xalqın milli and dövlət maraqlarını nəzərə alaraq bir çox vacib sahələrdə inkişaf etdirilməsidir". SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Azərbaycan öz müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan-İtaliya münasibətləri tamamilə bir yeni mərhələyə qədəm qoydu və son illərdə Azərbaycan-İtaliya münasibətləri, sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır desək yanılmarıq: "Prezident İlham Əliyevin İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı, məhz bu əlaqələrin əhəmiyyətinə və gələcək inkişafı məsələlərinə toxunuldu".
S.Mikayılova qeyd edib ki, ötən ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu dövlət səfəri baş tutdu və bu səfər çərçivəsində olduqca faydalı sənədlər və dövlətlər arası sazişlər imzalandı: "Bu sənədlərin fövqündə dayanan isə məhz "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" idi. Bu sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin çox uzun illər üçün yol xəritəsini ortaya qoydu. Bu sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapmışdı".
S.Mikayılova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı İtaliya özünün dostluq mövqeyini ortaya qoydu və Azərbaycanın mövqeyini dəstəklədi: "İtaliya sözün əsl mənasında çox obyektiv, ədalətli bir mövqe sərgilədi və Azərbaycanın haqlı mövqeyinin tərəfində durdu. Əlbəttə bu çox tədqirəlayiq bir hal idi və məntiqi nəticəsi də olaraq italiyan şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilən ilk şirkətlərdəndir. Bu reallıqları nəzərə alaraq ümid edirik ki, İtaliya şirkətləri ilə işğaldan azad edilən ərazilərin bərpası ilə bağlı növbəti çoxsaylı sənədlər imzalanacaq və İtaliya şirkətləri həmin ərazilərin bərpasında aktiv şəkildə iştirak edəcək".
Deputat əlavə edib ki, İtaliya ilk Avropa dövlətidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər aktiv mövqe tutaraq döyüş əməliyyatlarından sonra rəsmi nümayəndə heyətləri səviyyəsində Azərbaycana səfərlər həyata keçirdilər: "2020-ci il dekabrın 7-8-də İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdilər və onlar Azərbaycanın erməni təcavüzünə məruz qalan bölgələrində oldular, öz gözləri ilə bu faciələri gördülər və bununla bağlı Avropa ictimaiyyətinə məlumat verdilər. Xüsusilə, onlar Ağdam haqqında müfəssəl bilgilərini geniş auditoriya ilə bölüşüb, bildirdilər ki, Ağdam "ruhlar şəhəri"dir. Avropa ictimaiyyətində bu məsələ ilə bağlı böyük reaksiya oldu. Bundan sonra dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər reallaşdırıldı. Bütün bunlar İtaliya-Azərbaycan münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu ortaya qoyur".
Deputat əlavə edib ki, hazırda İtaliya Azərbaycan məhsullarının ən iri idxalçı ölkəsidir: "Belə ki, neft-qaz məhsulları üzrə ölkəmizin ixrac siyahısına başçılıq edir. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bu məhsulların ixracının 31,4 faizini İtaliyaya reallaşdırıb. Qeyri-neft məhsulları üzrə də İtaliya Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin ilk onluğuna daxildir. Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə isə İtaliya önəmli yerlərdən birini tutur".
S.Mikayılova vurğulayıb ki, iki ölkə arasında həyata keçirilən layihələr qlobal əhəmiyyətinə görə xüsusi diqqət çəkir: "Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-in 2020-ci ilin sonunda işə salınması ilə Avropanın gaz təchizatında yeni mərhənin başlanğıcı qoyulub. Gündəlikdə duran digər layihələrinin reallaşdırılması münasibətləri tamamilə yeni və daha məhsuldar müstəviyə cıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB