Azərbaycan-İran əlaqələri: dost və qardaş münasibətləri - ŞƏRH

Prezident İlham Əliyev: "Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq"

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Ali baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyətinin göstəricisidir.

Elə yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifinin Qələbədən sonra ölkəmizə gəlişi bir daha İranın dost, qardaş ölkə olduğunu bir daha sübut edir.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnun olduğunu bildirib: "İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub".

"Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik"

"Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük",-deyən dövlət başçısı onu da vurğulayıb ki, ölkəmizdə bütün layihələr uğurla inkişaf edir: "Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik".

"Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik",-deyən dövlət başçısı onu da bildirib ki, digər layihələrin də həyata keçirilməsinə nail olacağıq: "Həmçinin, bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər".

"Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq"

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev dost ölkə olaraq hələ çox məsələlərin müzakirə olunacağını bildirib: "Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz".

Prezident İlham Əliyev, həmçinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin ditqqətinə onu da çatdırıb ki, Xudafərin sərhədi dostluq sərhədi adlandırıb: "Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə