"Dostluq" karbohidrogen yatağının birgə istismarı tarixi hadisədir - AÇIQLAMA

"Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm bir hadisədir. Bu istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perespektivləri baxımından əhəmiyyətlidir. Əslində isə həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yardılması ilə əlamtədardır. Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidregon ehtiyatları yatağı çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməyə cəhd edilirdi. Ancaq bu gün "Dostluq" yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevirilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, əslində Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevirilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyasəti strategiyası ilə bağlıdır: "Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı. Əsrin müqaviləsinin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi".

H.Babaoğlu bildirib ki, əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Azərbaycan-Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi: "Bundan sonra nəhayət 2018-ci ildə Xəzərin hüquqi statusu müəyyən edildi. Beləliklə də Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perspektivləri yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi eyni zamanda Türkmənistan prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni, Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür. Nəticələr isə bütün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də "Dostluq" karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...