"Xalqımız və dünya planlarımızın həyatda gerçəkləşdiyinin şahidi olacaq" Malik Həsənov

“Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra növbəti mərhələyə - öz tarixi sahibinə qayıdan torpaqlarımızda quruculuq və bərpa işlərinə start verilib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza qalib Ordunun və dövlətin qalib Sərkərdəsi kimi səfərləri, gələcəklə bağlı açıqladığı hədəflər hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır. Artıq Böyük qayıdış proqramı hazırlanır. İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz birliyimiz, həmrəyliyimiz sayəsində quruculuq və bərpa işlərini də nəzərdə tutulan vaxtda başa catdıracaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Yaxın vaxtlarda dirçəldilmiş şəhərləri görəcəyik". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin potensiala malikdir: “Onlardan səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi daha da sürətləndiriləcək, davamlı inkişafa böyük töhfələr veriləcək, turizm imkanlarımız artacaq, cənnət məkana çevriləcək Qarabağ bölgəsi xarici qonaqlar üçün xüsusi maraq kəsb edəcək. Hər bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsinin əsas amillərdən olduğunu nəzərə alsaq işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə görülən işlər xüsusu əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin Qarabağın incisi olan Şuşaya səfəri zamanı Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir".

“2021-ci ilin dövlət büdcəsinin də qələbə büdcəsi kimi dəyərləndirilməsi səbəbsiz deyil” söyləyən millət vəkili vurğulayıb ki, cari ilin dövlət büdcəsi əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, eyni zamanda, prioritet məsələlərdən biri kimi işğaldan azad olunan ərazilərimizin bərpasına, şəhid ailələrinin, müharibə qazilərinin sosial təminatının gücləndirilməsinə xidmət edəcək.

“30 ilə yaxın müddətdə bu torpaqları işğal altında saxlayan ermənilər quldurluq hərəkətləri törədib, evləri, tarixi və dini abidələrimizi dağıdıb, infrastrukturu yerlə-yeksan ediblər. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşilikərə yönəldərək bildirmişdir ki, Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz”,- deyə M.Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, işğadan azad edilmiş şəhər və kəndlərimiz bərpa ediləndə dövlətimizin başçısının göstərişinə uyğun olaraq hər şəhərdə bir məhəllənin, böyük bir ərazinin işğal altında olan vəziyyətinin saxlanılmasının tariximizin, erməni vəhşiliyinin ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün böyük əhəmiyyəti olacaq: “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı bunu bir daha sübut etdi. Gələcək nəsil tariximizin hər bir səhifəsi barədə dolğun məlumata malik olmalı, tariximizi heç vaxt unutmamalı və bilməlidirlər ki, birliyimizin, həmrəyliyimizin sayəsində öz torpağımızı qorumalı və yalnız öz gücümüzə güvənməliyik. Məhz bu güvən, birlik yeni-yeni Qələbələrə, hədəflərə yol açır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan torpaqlarının azad edilməsinin, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının böyük zəfəri olduğunu önə çəkərək quruculuq və bərpa işlərində fəal iştirak edəcəklərini böyük qürur hissi ilə bildirib”.

M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 19 yanvar 2020-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanının da məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır: “Bölgələrdə görülən işlər, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətə başlaması və sair kimi addımlar da bu tərkibdəndir. Hədəflər belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya planlarımızın həyatda gerçəkləşdiyinin şahidi olacaq". yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...