“BayraktarTB2” zərbə PUA-ları: həbri potensialın böyük sıçrayışı ANALİTİK

Qardaş Türkiyənin müdafiə sənayesi yaxın zamanlarda daha ecazkar kəşf və icadları ilə dünyanı heyran qoymağa davam edəcək

Qardaş Türkiyənin müdafiə sənayesində bir-birinin ardınca atılan uğurlu addımlar artıq Avropanın və s. ölkələrin diqqətini cəlb etməyə başlayıb. Böyük Britaniya, Serbiya, eləcə də Qazaxıstan “Bayraktar TB2” PUA-larını silahlanmalarına əlavə etmək niyyətindədirlər. Maraqlısı isə budur ki, Türkiyənin hərbi müdafiə sənayesinin gücünü, hətta onunla münasibətləri elə də yaxşı olmayan Yunanıstan tərəfindən də etiraf edilməkdədir.

Filis: “Türkiyə nəhəng müdafiə sənayesini qura bilib, türklər özlərini güclü hiss edirlər”

SİA-nın məlumatına görə, bu barədə yazan Haber7-yə görə, yunanların geosiyasət və təhlükəsizlik üzrə tanınmış eksperti Filis türklərin xüsusilə son illərdəki müdafiə sənayesinin tərəqqisinə tərəf diqqətini yöləndərək qeyd edib: “40 ildən sonra Türkiyə nəhəng müdafiə sənayesini qura bilib, türklər özlərini güclü hiss edirlər. Onlar gücləniblər. Ötən illərdə bəzi yunan hökumətləri müdafiə sənayesinin inkişafı ilə bağlı addımlar atırdılar. Lakin onların heç biri yararlı olmadı”.

Nəşr onu da yazır ki, Böyük Britaniya, Serbiya və Qazaxıstan “BayraktarTB2”ni əldə etmək üçün fəaliyyətə keçiblər. Ukrayna isə daha əvvəl əldə etdiyi altı PUA-dan əlavə yenidən zərbə aparatlarına ehtiyacı olduğunu bildirib. Bu dəfə ukraynalılar PUA-ları hərbi dəniz qüvvələrinin səlahiyyətinə vermək niyyətindədirlər. Bundan əlavə, Fransa, Almaniya, İspaniya da türk PUA-ları haqqında müsbət rəylər verərək, qarşıda “BayraktarTB2” əldə etmək niyyətində olduqlarını gizlətməyiblər.

Suriyada, Şimali İraqda və ən nəhayət, Qarabağda...

Liviyadakı vətəndaş müharibəsində özünü güc balansını dəyişdirən silah olaraq tanıdan zərbə PUA-ları Türkiyə müdafiə sənayesinin Suriyada, Şimali İraqda və ən nəhayət, Qarabağdakı hərbi əməliyyatlardakı potensialının ən yüksək vəziyyətdə olduğunu isbatlayıb. Təbii ki, həmin proseslər dünyada dərindən izlənilib və belə bir nəticəyə gəlinib.

Bu yaxınlarda isə məlum olub ki, artıq Bolqarıstan da türk zərbə PUA-larını öz arsenalına qatmaq istəyir. Hələ ötən il Sofiya Ankara ilə danışıqlara gedərək, 6 ədəd “BayraktarTB2” almağa çalışıb. Lakin COVİD-19 epidemiyasını dünyanı öz ağuşnuna alması danışıqlar prosesini ləngidib, amma buna baxmayaraq, bu il yenidən həmin razılaşma ətrafında danışıqların başlanacağı gündəmdədir.

Britaniya amerikalıların “Protector” PUA-larının yerinə yalnız Türkiyənin “BayraktarTB2”-ləri almaq məqsədini qarşısına qoyub

Qeyd olunduğu kimi, Böyük Britaniya da türk zərbə PUA-ları ilə maraqlanır. Britaniyalılar məhz Qarabağda aparılan hərbi əməliyyatlardan sonra bu qərara gəliblər. Onlar görüblər ki, müharibənin gedişini “BayraktarTB2” ilə kökündən dəyişmək mümkündür və bu baxımdan, London ABŞ-ın General Atomics şirkəti ilə danışıqlarını dayandırıb amerikalıların “Protector” PUA-larının yerinə yalnız Türkiyənin “BayraktarTB2”-ləri almaq məqsədini qarşısına qoyub. Qazaxıstan isə bu PUA-lardan 30-40 ədəd alacağını bildirib.

Ukraynanın baş nazirinin müavini, eləcə də strateji məhsullar sənayesi naziri Oleq Uruskiy mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Türkiyə ilə Ukrayna arasında müdafiə sferasındakı əməkdaşlığı pozitiv qiymətləndirir. “Türkiyə ilə artan əməkdaşlıq Ukrayna müdafiə müəssisələrinin inkişafı üçün xüsusilə vacibdir”, deyə o bildirib.

Türkiyə kanadalıları niyə və necə məyus etdi?

Onu da qeyd edək ki, Türkyənin “Bayraktar TB2” zərbə PUA-larının bəzi detallarını istehsal edən bir neçə ölkənin razılaşmanı pozmalarına baxmayaraq, qardaş ölkənin hərbi müdafiə sənayesi həmin detalları öz daxili resursları hesabına əldə edir ki, bu da PUA-ların daha ucuz başa gəlməsinə şərait yaradır. Misal üçün, Kanada zərbə PUA-nın mühərrik detallarını Türkiyəyə verməkdən imtina etdi, lakin türk sənayesi bu detalı daha müfəssəl şəkildə hazırlayaraq, ona qısqanclıqla yanaşan kanadalıları dərindən məyus etdi. Bu isə həm də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, qardaş Türkiyənin müdafiə sənayesi yaxın zamanlarda öz daxlili texniki potensialını da maksimum istifadə edərək, daha ecazkar kəşf və icadları ilə dünyanı heyran qoyacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...