"Məhz bu yolla xalqın Şuşa həsrətinə son qoyulacaq" ÖZƏL-MÜNASİBƏT

"2020-ci il noyabrın 8-də ölkə Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərdəndir. 44 günlük Vətən müharibəsinin Qələbə müjdəsi xalqımızın qəlbində qaysaq bağlayan Qarabağ yarasına məlhəm oldu, sevincimizə sevinc qatdı". Bunu SİA-ya Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ölkə Başçısının "Əziz Şuşa, sən azadsan" sözləri böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib. “Şuşa işğaldan azad olundu" sözləri insanların qulaqlarından hələ də getməyib. Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən dediyi "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim” fikirləri Şuşa səfəri ilə bir daha öz təsdiqini tapdı.

“Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Prezidentimiz İlham Əliyev bu qədim şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Rəşid Behbudov kimi şəxsiyyətlər bəxş edən şəhərin dəyəri, qiyməti bütün dünyaya bir daha bəyan edildi. Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi mesajı verildi.

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb. Ölkə Başçısının bu səfərləri erməni vandallarının illərdir dağıtdıqları, daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağını, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərə ruh və can veriləcəyindən xəbər verir.

Böyük Qələbəni bizlərə bəxş edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 15-də Şuşa şəhərinə səfər etməsi əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və qürur hissi ilə qarşılanıb. Qarabağın döyünən qəlbi, “Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlandırılan şəhərə gediş-gəlişin asanlaşdırılmasına xidmət edən Füzuli-Şuşa yolunun təməlinin dövlət Başçımız tərəfində qoyulması Şuşanın bərpasına, dirçəldilməsinə, tarixi simasının qaytarılmasına hesablanan addımlardandır. Məhz bu yolla xalqın Şuşa həsrətinə son qoyulacaq.

Ölkə Başçısının rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininin Şuşaya qayarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. Eyni zamanda,Qalib Ordunun Müzəffər Ali Baş Komandanının, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyevanın Şuşa şəhərində məşhur Cıdır düzündə armudu stəkanda milli mətbəximizin təamı olan paxlava ilə çay içməsi mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaq istəyən düşmənə tərs şillə oldu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...