"Moskva görüşündə müəyyən yazılı müqavilələr bağlanarsa..." ÖZƏL-MÜNASİBƏT
"Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçılarının görüşünün keçiriləcəyi ilə bağlı məlumatlar verilir. Bu görüşdə Azərbaycan tərəfi qəti şəkildə üçtərəfli Bəyannaməyə əməl edilməsini tələb etməlidir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı detallar müəyyənləşməli və müqavilə imzalanmalıdır. Prezident İlham Əliyev də hazırda sülhməramlı qüvvələrinin fəaliyyətindən narazıdır və onların fəaliyyəti ilə bağlı Moskva ilə yeni əsasnamənin qəbulunda maraqlıdır. Çünki sülhməramlı qüvvələrin dəqiq fəaliyyəti göstərilməli və nizama salınmalıdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, bu görüşdə Qarabağa Ermənistan rəsmilərinin səfərinin qadağan edilməsi, sərhədlərin müəyyənləşməsi və Mehri dəhlizi ilə bağlı məsələlər müzakirə ediləcək: "Rəsmi Yerevan Ermənistanın Azərbaycan ərazisindən dəmir yol xəttindən istifadə etməsi ilə bağlı mövqeyini açıqladı. Ermənistan tərəfi burada maraqlıdır. İlk növbədə, Yerevan əsirlərin qaytarılmasını israr edir. Hadrut təxribatlarında əsir alınan erməni silahlılarını Azərbaycan terorçu kimi qəbul edir və bu təxribatlar 10 noyabr razılaşmasından sonra baş verib. Rusiya tərəfi də əsirlərin qaytarılmasında israr edəcək. Azərbaycan buna getməməlidir. Yalnız erməni silahlılar ərazidən çıxarıldıqdan sonra əsirləri qaytara biləcəyini vurğulamalıdır.
Moskva görüşündə müəyyən yazılı müqavilələr bağlanarsa, bu, sülhə doğru addım ola bilər. Ermənistan sülh müqaviləsinə hazır deyil. Nikol Paşinyan növbədənkənar seçkilərdə qələbə qazandıqdan sonra, sülh müqaviləsinin imzalanmasına gedə bilər. Moskva görüşündə Rusiya Qərbə bir daha mesaj verəcək ki, regionda əsas söz sahibi odur və sülhün əldə edilməsində əsas aktordur. Təbii ki, bu format Ankara-Moskva və Bakı arasında davam edən danışıqların nəticəsidir.
Nikol Paşinyan qeyd edir ki, 10 noyabr Bəyannaməsində Mehri dəhlizi yoxdur. Amma bu bəyannamədə kommunikasiyaların və nəqliyyat sisteminin yaradılması nəzərdə tutulur. Təbii ki, bu dəhlizin adı çəkilməsə də, Naxçıvanla Azərbaycan arasında quru əlaqə məhz Mehri dəhlizi vasitəsilədir. Demək, Paşinyanın nə deməsindən asılı olmayaraq, Mehri dəhlizi açılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB